1.6. Püstə
Püstə quru subtropik iqlimə malik ərazilərdə becərilən ən qiymətli qərzəkli meyvə bitkisidir. Qərzəkli meyvə bitkiləri sırasında olduqca zərif, lətif, faydalı və dadlı ləpəsiüçün becərilməklə yanaşı, həmçinin bir sıra məqsədlər üçün də istifadə olunur. Azərbaycanda Abşeron yarımadasında qədim zamanlardan əkilib becərilir və geniş yayılmışdır (Şəkil 1.49).
1.6.1. Təsərrüfat əhəmiyyəti
Püstə quru subtropik iqlimə malik Abşeron yarımadasında becərilən ən qiymətli qərzəkli meyvə bitkisidir. Püstə meyvələri yüksək kalorili, diyetik məhsul hesab olunmaqla tərkibində çox qiymətli qida maddələri-60%-ə qədər yağ, 20%-ə qədər zülallar, 3-8% şəkərlər (qlükoza, fruktoza, saxaroza, raffinoza) və mikroelementlər vardır (Şəkil 1.50). Azot tərkibli birləşmələrdən-leysin, fenolalanin, valin. treonin, arqinin, lizin, qlutamin və asparagin turşuları, prolin, həmçinin qlutamin və aspirin vardır (4,7,8,13).
Püstənin meyvəsi qənnadı istehsalında və həm də çərəz kimi istifadə olunur. Meyvə-lərindən həm təzə, duzlu, şəkərli və qovurulmuş halda, qənnadı sənayesində tort, konfet və s. yeyinti məhsullarının, yağın hazırlanmasında, həmçinin tibdə istifadə olunur.
V.P. Alekseyevə (1963) görə yüksək keyfiyyət göstəricilərinə görə püstə meyvələri yunan cəvizi və badamdan 3-4 dəfə baha qiymətləndirilir [4].
Püstə ləpəsindən istehsal olunan yağ ən keyfiyyətli yağ hesab olunur. Püstənin yağı qurumayan yağ növünə daxildir, dadı xoşdur. Ondan həmçinin təbabətdə, ətriyyatda və lak istehsalında geniş istifadə olunur. Bunlardan əlavə bitkinin gövdəsində, yarpaqlarında, qabığında, meyvələrində 15%-ə kimi aşı maddəsi vardır. Ona görə xalçaçılıq, toxuculuq və ya yüngül sənayedə aşı və boyaq materialı kimi istifadə olunur.
Püstə ağacları çox güclü mil köklərə malik olduğu üçün yarımsəhra, suvarılmayan ərazilərdə bağ və meşə massivləri salmaq üçün əhəmiyyətlidir.
Orta Asiyanın quru bölgələrindən (Tyan-Şan, Pamir, Kopetdağ) digər ağac cinslərinə rast gəlinməsə də, öz güclü kök sistemi və sallaq çətiri ilə püstə bitkisinə rast gəlinir ki, bu da əsasən torpaq qoruyucu və su qoruyucu rola malikdir. Bu bitki yüksək istiyə və quraqlığa davamlılığı ilə yayın istisinə, həmçinin şaxtalara davam gətirir.
Ağacın oduncağı, bərkliyi yüksək kalorili yanacaq olması ilə fərqlənir.