1.6.3. Başlıca bioloji və ekoloji xüsusiyyətləri
Azərbaycanda püstənin 2 növü - P.mutica Fisch. və P. vera L. növləri vardır.
P. mutica - saqqız ağacı Azərbaycanda əsasən Kür-Araz ovalığında, Qanıx – Həftaran vadisində, Türyançay qoruğunun ərazisində yayılmışdı [4,7,8, 12].
Həqiqi və ya yeyilən Püstə (P. vera) qısaboylu sıx çətrə maiik ağacdır (Şəkil 1.51).
Püstə bitkisinin çox dərinə gedən şaquli kökvermə qabiliyyəti olmaqla yanaşı yarpaqlarında qalın, kutikulanın ağızcıqlarla əhatə olması rütubətin buxarlanmasına mane olur.
Yaşlı budaqları kül, keçən ilki budaqları isə açıq-qəhvəyi rəngdə olur. Yarpaqları cüt lələkşəkilli, möhkəm, dairəvidir (Şəkil 1.52).
Püstə ikievli, müxtəlif cinsli bitkidir. Generativ tumurcuqları yan vegetativ tumurcuqlardan ölçülərinin böyüklüyünə və dairəvi formasına görə fərqlənirlər. Zoğların uc tumurcuqları nisbətən böyük konus şəkilli olur. Generativ tumurcuqlar birillik zoğlarda əmələ gəlir və vegetasiyanın sonunda oz inkişafını başa vurur. Erkək çiçəklər topa halında, süpürgə salxımlarla yayılmışdır. Onlar 1-4 mm uzunluqdadır. Dişi çiçəkləri nisbətən seyrək salxıma bənzər süpürgəyə toplanmışdır. Bunlar erkək çiçəklərə nisbətən iri olub, uzunluğu 2-5 mm-ə çatır. Yetişdiyi şəraitdən asılı olaraq püstə vegetasiyaya martın əvvəllərində başlayır. Aprel ayının ortalarında ağac yarpaq açmazdan əvvəl çiçək açmağa başlayır. Erkək çiçəkləri dişi çiçəklərdən əvvəl açılır. Çiçəkləməsi 10-15 gün davam edir. Püstə ağacı ikievli bitkidir, külək vasitəsi ilə tozlanır. Oktyabrın axırı, noyabrın əvvəllərində vegetasiya dövrünü başa çatdırır.
Püstə dəmyə şəraitdə toxumla çoxaldıqda 10-12-ci il, suvarılan şəraitdə 6-8-ci il pöhrələrlə artırıldıqda 3-5-ci il, calaq edildikdə 3-4-cü il bara düşür.
Püstənin meyvəsi quru, cəvizvari və ya dartılmış formada, bir toxumlu, sarımtıl ağ rəngdədir. Meyvəsi salxımda yerləşir. Meyvəsinin kütləsi 0,9-2,5 qr-dək olub, enli və ensiz yumurtaşəkilii vəya girdə formadadır.