Ləpəsi iriləpəli və rüşeymlidir, dadlı, şirin, yağlıdır.
Püstə Azərbaycanda mədəni bitki kimi çox qədimdən becərilir. Buraya onun toxumu İrandan gətirilmiş, toxumla çoxaldılmış və yeni formalar alınmışdır. Bunlar meyvəsinin iriliyinə. ləpəsinin dadı və başqa üstün əlamətlərinə görə digər bölgələrdən gətirilmə sortlardan fərqlənirlər. Azərbaycanda püstə əsasən Abşeron, Gəncə, Qazax, Şirvan və Qarabağın aran rayonlarında yaılmışdır. Püstə quru və isti iqlimdə becərilməklə kserofit bitkidir.
Püstənin qiymətli bitki olmasına və onun mədəni halda becərilməsinə baxmayaraq, bu günə kimi sənaye əhəmiyyətli bağları salınmamışdır. Yalnız həyətyanı sahələrdə həvəskarlar tərəfindən becərilir. Respublikanın quru subtropik iqlimə malik rayonlarında inkişaf perspektivi olan bu qiymətli bitkinin sənaye miqyasında artırılması vacibdir.
Püstə quraqlığadavamlı, torpağa az tələbkardır. O başqa bitkilər üçün yararsız torpaqlarda, suvarılan və həm də quru subtropik iqlimə malik dəmyə şəraitində, yüksək məhsul verir, özü də az zəhmət tələb edir. Ona görə də Şirvan və Qarabağ bölgələrinin aran hissəsinin quraq keçən ərazisi və dağətəyi sahələrindən püstə bağı salmaq üçün müvəffəqiyyətlə istifadə oluna bilər.
1.6.4. Azərbaycanda genofondu və sort bazası
Azərbaycanda becərilən püstə sortlarının əksəriyyəti İran İslam Respublikasından, Türkiyədən və qismən Türkmənistandan gətirilmiş, kütləvi əkinindən əldə edilmisdir. Bununla yanaşı, Respublikada bir sıra qiymətli püstə sort və formalarıda əldə olunmuşdur [4,7,8].
Keşlə. Sortun meyvəsi iri, bir meyvənin kütləsi 1,2 qr, meyvə ağızcığının açılması 45%, yağlılığı 57,7%-dir. Hər il məhsul verir, xəstəlik və zərərvericilərə qarşı davamlıdır (Şəkil 1.53).
Abşeron. Meyvəsi iri, bir meyvənin orta kütləsi 1,04 qr, ləpəsində 58% yağ vardır. Meyvələrinin ağızcığının açılması 75%-ə çatır. Hər il məhsul verir, xəstəlik və zərərvericilərə qarşı davamıldır. Ağacı ortaboylu, enli çətirlidir. Yarpağı xırdadır. Meyvə salxımları uzundur.
Bülbülə. Abşeronun Bülbülə kəndində becərilir. Ağacı ortaboylu, enliçətirlidir. Yarpağı xırdadır. Meyvə salxımları uzundur. Meyvəsi iri, uzunsov-yumurta şəklindədir, bir meyvənin orta kütləsi 1,21 qr, ləpə çıxımı 51%, yağlılığı 58%, 94% meyvələrin ağzı açılandır, dadlıdır.
Əmircan. Meyvəsi iri, bir meyvənin orta kütləsi 1,7 qr, ləpə çıxımı 50%, yağlılığı 36%-dir. Dadı şirin, meyvələrin ağızcığı 100% açılandır.
Bakı. Meyvəsi iri, bir meyvənin orta kütləsi 1,5 qr, ləpə çıxımı 51%, yağlılığı 49,5%-dir, dadı şirin və xoşagələndir. Meyvələrinin 60%- nnin ağzı açılandır.