Onlar həmçinin bir çox xörəklərin və qənnadı məmulatlarının hazırlanmasında, farmakologiyada istifadə olunur. Meyvəsi yaxşı qalıb, xarab olmadığına görə uzaq yerlərə göndərilməsi asan olur.
Şabalıd ağacının oduncağı yüksək kefiyyətə malikdir. Ondan əla növ mebellərin, tüfəng qundaqlarının, musiqi alətlərinin (tar, kamança), suvenirlərin, şərab çəlləklərinin hazırlan-masında geniş istifadə olunur. Meyvə bitkiləri içərisində yeməli şabalıd yeganə bitkidir ki, onun meyvələrindən çörək bişirmək üçün keyfiyyətli un alınır [12].
Şabalıd bitkisi "Azərbaycanın Qırmızı Kitabı”-na (2013) daxil edilib [7].
Şabalıd bitkisi həmdə yaxşı bəzək bitkisi hesab olunur. Ondan yol kənarlarında, dağ döşlərində sellərin qarşısnıı almaq üçün, küçələrdə isə yaşıllıqların və alleyaların salınmasında istifadə olunur.
1.7.2. Azərbaycanda yayılması və becərilməsi
Adi şabalıd Şərqi və Qərbi Zaqafqaziyada, Şimali Qafqazda yabanı halda bitir. Əsasən Böyük Qafqazın cənub dağ yamaclarında geniş yayılmışdır. Cənubi Avropada, Balkan ölkələrində, İtaliyada, Fransa və Türkiyədə becərilir və böyük sahələrə malikdir. Ədəbiyyat məlumatlarına görə, qədim zamanlarda şabalıd bitkisinin tutduğu ərazi çox geniş olmuşdur, xüsusilə Azərbaycanda buzlaşma dövründən əvvəl geniş sahələrdə yayılmış, buzlaşmadan sonra isə azalmışdır. Respublikada şabalıd, meşələrdən başqa bağlarda da becərilmişdir. Şəki-Zaqatala bölgəsinin-Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakənin dərələrində yerləşən Car, Qum, Çinarlı və digər kəndlər şabalıd bağları ilə məşhur olmuşdur [4,12 ].
Azərbaycan dünyada şabalıd istehsal edən başlıca 15 ölkənin siyahısını tamamlayır (Cədvəl 1.5).
Şabalıd bitkisi Azərbaycanda qədimdən becərilir. Qubanın, Şəkinin dağlıq ərazilərində, Qarabağın Qonaqçı kəndində yaşlı şabalıd ağacları mövcuddur. Ə.C.Rəcəbliyə görə (1966) hələ VIII-IX əsrlərdə “Qəbələ badamı” adı ilə Qədim Qəbələnin şabalıdı Şərq bazarlarında qiymətli bir mal kimi satılmışdır(Şəkil 1.58) . Hal-hazırda respublikamızda şabalıd bağlarda da becərilir. Əsasən Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı, Quba, Xaçmaz rayonlarında şabalıd bağları daha çox yayılmışdır. Adi şabalıd hazırda yer kürəsinin əksər ərazilərində yayılmışdır.
S/S | Şabalıd istehsal edən ölkə | Məhsul istehsalının həcmi | |
Ton | % | ||
1 | Çin (ÇXR) | 1 879 031 | 83.08 |