Biotik amillər əsas ekoloji amillərdən biri hesab edilir. Bildiyimiz kimi ekoloji amillər 3 qrupa bölünür:
- biotik amillər;
- abiotik amillər və;
- antropogen amillər.
Antropogen amillər insanın təsərrüfat fəaliyyəti ilə bağlıdır. Qərzəkli meyvə istehsalı ilə bağlı insanın təsərrüfat fəaliyyəti xoş məramlı olub həmin istehsal prosesinə mənfi təsir göstərmir, əksinə, istehsalın yüksəldilməsinə və səmərəliyin artırılmasına xidmət edir.
Abiotik amillər ətraf mühitin cansız amillərini nəzərdə tutur. Bura ərazinin torpaq, iqlim, oroqrafik şəraiti daxildir. Onlar haqda yuxarıda ətraflı məlumat verilmişdir. Bağ üçün sahənin seçilməsində və bağın salınmasında abiotik amillərin nəzərə alınması mümkündür.
Biotik amillər canlı amilləri nəzərdə tutmaqla buraya bitkilər, həşəratlar, göbələklər və bütövlükdə fauna (heyvanlar və quşlar) daxildir. Biotik amillər sırasında floranın təsiri dedikdə ən başlıcası alaq otlarının təsiri nəzərdə tutulur və onlara qarşı mübarizə tədbirlərinin (aqrotexniki, fiziki, kimyəvi) aparılması tələb olunur.
Həşəratlar (arılar) yalnız bir halda – gülçiçəklilər fəsiləsinə aid olan badamın çiçəklərinin mayalanmasında iştirak edirlər (digər qərzəkli meyvə bitkiləri əsasən külək vasitəsi ilə mayalanırlar). Qalan əksər hallarda həşəratlar qərzəkli meyvə bitkilərinin müxtəlif orqanlarını zədələməklə onların əsas ziyanvericiləri hesab olunurlar.
Göbələklər qərzəkli meyvə bitkilərinin müxtəlif orqanlarının (yarpaq, çiçək, zoğ, qərzək, toxum) xəstəlik törədicisi olmaqla məhsuldarlığı və onun keyfiyyətini aşağı salırlar.
Faunanın nümayəndələri (gəmiricilər, yenot, çöl donuzu, porsuq, dələ, quşlar və s.) tinglikdə səpin aparılmış toxumlara, yetişdikdə isə məhsula xeyli ziyan vura bilirlər. Qış mövsümündə gəmiricilər, dovşan və faunanın digər nümayəndələri bağda əkilmiş cavan ağacların qabığını zədələyərək onların qurumasına səbəb olurlar.
Biotik amillərə qarşı qərzəkli meyvə bağlarında mütəmadi olaraq mübarizə tədbirlərinin həyata keçirilməsi tələb olunur. Lakin, yadda saxlamaq vacibdir ki, istənilən kimyəvi mübarızə tədbirləri ətraf mühitə, qərzəkli meyvə bitkilərindən ibarət aqrolandşaftın (Şəkil 1.62), aqroekositemin digər canlı və cansız komponentlərinə xələl gətirməməlidir. Aqrosenozun sabitliyi və dayanaqlığı təmin olunmalıdır.