2.2. Tingliyin strukturu, tipləri, əsas şöbələri və onların yaradılması prinsipləri
Meyvə tingliyi daşıdığı vəzifəyə görə iki tipdə olur:
1. Reproduksiyon meyvə tingliyi;
2. Sənaye və ya əmtəəlik meyvə tingliyi.
Reproduksiyon meyvə tingliyi. Latınca “re” - yeni, yenidən, “produksion” isə istehsal deməkdir. Reproduksiyon tinglikmeyvəçilik üzrə elmi-tədqiqat institutlarının, seleksiya təcrübə stansiyalarının, dayaq məntəqələrinin, kənd təsərrüfatı (aqrar) universitetlərinin fakültələri nəzdində olur. Burada yeni yaradılmış və yaxud introduksiya edilmiş sortlar çoxaldılır. Belə sortların bioloji və qiymətli təsərrüfat xüsusiyyətlərini öyrənmək məqsədilə, hər sortdan yetişdirilmiş ting, elmi idarə və müəssisələrin sort-sınaq məntəqələrində ayrıca əkilir. Onlardan yerli şərait üçün ən dəyərlilərinin seçilərək təsərrüfatlarda becərilməsini tövsiyə edirlər (Z. M. Həsənov, C .M. Əliyev, 2007, 2011).
Sənaye meyvə tingliyi. Əmtəəlik meyvə bağları salmaq üçün becərilmələri məsləhət görülən rayonlaşdırılmış cins və sortlardan (Şəkil 2.3) kütləvi şəkildə ting yetişdirməklə məşğul olan təsərrüfatdır.
Meyvə tinglikləri istiqamətlərinə görə iki tipdə olur:
1. İxtisaslaşmış və
2. Qarışıq tinglik təsərrüfatları.
İxtisaslaşmış tinglik təsərrüfatlarında yalnız meyvə-giləmeyvə bitkilərinin müxtəlif sortlarından ting yetişdirilir.
Qarışıq tingliklərdə isə meyvə-giləmeyvə bitkilərindən başqa digər bitkilərin (meşə və bəzək bitkilərinin) də tinglərini yetişdirirlər.
Yüksək keyfiyyətli tingin yetişdirilməsi texnologiyası bir sıra mürəkkəb əməliyyatın ardıcıl tətbiqini tələb edir. Bununla əlaqədar olaraq tələb olunan bütün material və avadanlıq sənaye meyvə tingliyinin nəzdində cəmləşməlidir. Odur ki, nümunəvi təşkil olunmuş ixtisaslaşmış sənaye meyvə tingliyi təsərrüfatında şöbələr yaradılır.
Tinglik fəaliyyət müddətindən, iriliyindən və təyinatından asılı olaraq şöbələrə bölünür. Tinglikdə əsas və köməkçi şöbələr fəaliyyət göstərir. Əsas şöbə hər hansısa növ əkin materialının yerişdirilməsi üzrə ixtisaslaşmış təsərrüfat vahididir [7,8].
Tingliyin əsas şöbələri:
1. Səpin və ya calaqlıq şöbəsi. Adından göründüyü kimi, toxumların səpini aparılır və toxumdan alınan toxmacarlar-tumsarlar becərilir (1 və ya 2 illik). Səpin şöbəsində tumsarlar kütləvi peyvənd (calaq) edildi üçün calaqlıq şöbəsi də adlandırılır.