Ting saxlanılan bina və sahə. Çiliklərin, qış calağı ilə yetişdirilmiş tinglərin, habelə çiliklə çoxaldılmış klon calaqaltılarının açıq sahəyə əkilənədək və ya realizə olunanadək itkisiz saxlanması üçün xüsusi bina və ya anbar olur. Binanın və ya anbarın içərisində havanın temperaturunu və nəmliyini tənzimləmək üçün xüsusi qurğu və avadanlıqdan istifadə olunur.
Tinglikdən çıxarılıb çeşidlərə ayrılmış tingləri müvəqqəti (qısa müddətli) saxlamaq üçün onların köklərini torpaqla örtülmüş vəziyyətdə saxlayırlar. Bunun üçün açıq sahədə su yığılmayan, ərzaq anbarlarından, ot tayalarından, yaşayış binalarından kənarda, kəsicilər, gəmiricilər yığılmayan yerdə düz sahə seçilir. Üzvi gübrə verildikdən sonra sahə dərin şumlanır, səthi düzəldilir, tinglərin köklərini torpaqla örtmək üçün dərin və uzun şırımlar açılır. Cinsləri, sortları, çeşidləri qarışdırmadan cərgə ilə şırımın içərisinə düzüb, köklərini torpaqla örtür və etiketlə nişanlayırlar. Sahəyə kənd təsərrüfatı heyvanlarının girməməsi üçün onun ətrafına dəmir tordan hasar çəkirlər. Artıq rütubətin kənar olması üçün sahənin ətrafında xəndəklər qazılır. Qeyd olunanlardan başqa tinglik təsərrüfatında stratifikasiya zirzəmiləri, soyuducu kameralar, qış calağı üçün bina, virusologiya laboratoriyası da nəzərdə tutulmalıdır.
2.3. Tinglik üçün ərazinin seçilməsi və onun təşkili
Tinglik üçün sahənin seçilməsi məsuliyyətli məsələlərdən biri olub, bu məsələnin düzgün həlli gələcəkdə keyfiyyətli əkin materialının becərilməsinin müvəffəqiyyətini təmin etmiş olur. Tinglik üçün sahənin qiymətləndirilməsində başlıca meyar uzunmüddətli fəaliyyət dövründə hər rotasiya müddəti yetişdirilən əkin materialının optimal ekoloji şəraitlə təmin olunması çıxış edir.
Tinglik üçün sahə seçdikdə ilk növbədə mexanikləşmənin tətbiqi, torpağın su və külək eroziyasından mühafizəsi nəzərə alınmaqla aşağıdakılar əsas götürülür:
Tinglik üçün erkən yazda soyuq hava kütlələri yığılan və eləcə də su toplanıb qala bilən mikroçökəkliklər; daimi hakim küləklərin təsirinə məruz qalan açıq sahələr yararsızdır.
Şoranlaşma dərəcəsi 0,80%-dən yuxarı olan sahələr (quru qalığa görə) tinglik üçün məhdud yararlı hesab olunur (0,81-1,0%). Torpaq mühiti həddindən artıq turş və qələviv olmamalıdır (4,5<pH<8,0).