Meşə massivində yaradılan tingliyin sahəsi əhatəsində olduğu ağaclığın divarlarından 10-15 m (ağaclığın hündürlüyünün 1 mislindən az olmayan) məsafədə yerləşməlidir.
Tinglik üçün ayrılmış sahənin ilkin mənimsənilməsi bütöv sahədə başdan-başa çarpaz (60-70 sm) plantaj şumu aparılaraq sahənin 1 il qara herik altında saxlanılmasını nəzərdə tutur. Bir ildən sonra sahə şöbələrə və tarlalara bölünərək əsas və köməkçi yollar, yollar boyu (kənarında) suvarma kanalları və arxlar nəzərdə tutulur.
Tinglik üçün ayrılmış sahənin əlverişsiz ekoloji təzahürlərin təsirindən mühafizəsi üçün ətrafında qoruyucu meşə zolaqları yaradılır. Tingliyin sahəsinin ilkin mənimsənilməsi başa çatdıqdan sonra meşə zolaqlarının yaradılmasına başlayaraq səpin və əkin tarlalarından 10-15 m məsafədə yerləşdirilir. Həmin məsafə (10-15 m) tingliyin perimetri üzrə yerləşən yol və suvarma kanalları altında istifadə olunur.
2.4. Tinglikdə tətbiq olunan əkin dövriyyəsi və çoxtarlalı əkin sxemi
Tinglikgə bir sahədə uzunmüddət eyni növ bitki becərilir, qazıldıqda əkin materialı ilə bərabər hər il sahədən küllü miqdarda üzvi maddə xaric olunur ki, bütün bunlar da torpağın zəifləməsinə, ehtiyat qida maddələrinin tükənməsinə səbəb olurlar. Digər tərəfdən, üzvi güb-rələrin (peyin, kompost, yaşıl gübrə) verilməsi və suvarma alaq otlarının güclü inkişafına səbəb olur.
Torpağın münbitliyinin qorunub saxlanılması vəartırılması, alaq otlarının məhv edilməsi, torpağın strukturunun və hava-su rejiminin yaxşılaşdırılması məqsədilə tinglikdə növbəli çoxtarlalı əkin sistemi tətbiq olunur.
Çoxtarlalı əkin sistemi hər şöbədə (səpin, əkin və böyütmə) tarlaların miqdarının əkin materialı altda olanlarla bərabər ən azı bir və ya bir neçə tarla artıq götürülməsini nəzərdə tutur. Məsələn, 2 illik tumsarların becərilməsi nəzərdə tutulan səpin şöbəsində tarlaların miqdarı 2+1=3; 2+2=4; 2+3=5 ola bilər. Bu o deməkdir ki, 2 tarla toxmacarlar altda olmaqla (1-ci tarla 1- illik və 2-ci tarla isə 2- illik), digər tarlalar isə dincə qoyulur. Məsələn, 3-cü tarla təmiz və ya qara herik, 4-cu və 5-ci tarlalarda isə sideratlar səpilə bilər (4-cü tarlada 1 illik, 5–ci tarlada isə 2-illik sideratlar). Beş tarlalı əkin sistemi üzrə səpin şöbəsində tarlaların növbələşməsi sxemi cədvəldə verilmişdir (Cədvəl 2.1).
İllər | İllər üzrə tarlalardan (I...V) istifadə | ||||
I | II | III | IV | V | |
2018 | 1-illik toxmacarlar |
2-illlik toxmacarlar |
k/t bitkiləri | Sideratlar | Qara herik |
2019 | 2-illik toxmacarlar |
k/t bitkiləri | Sideratlar | Qara herik | 1- illik toxmacarlar |
2020 | k/t bitkiləri | Sideratlar | Qara herik | 1-illik illik toxmacarlar |
2-illik toxmacarlar |
2021 | Sideratlar | Qara herik | 1-illik toxmacarla | 2-illlik toxmacarlar |
k/t bitkiləri |
2022 | Qara herik | 1-illik toxmacarlar |
2-illik toxmacarlar |
k/t bitkiləri | Sideratlar |
Cədvəl 2.1. Səpin şöbəsində çoxtarlalı əkin sisteminin dövriyyə sxemi