2.6.2. Torpağın becərilməsi sistem və üsulları. Növbəli əkinlər və onun əhəmiyyəti
Əkin sahələrindən səmərəli istifadə etməklə, torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki və təşkilatı-təsərrüfat tədbirləri içərisində növbəli əkin sistemi xüsusi əhəmiyyət kəsb edir.
İstehsal olunacaq məhsulun miqdarına və əkin sahələrinin quruluşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin və herik tarlalarının növbələşməsi və torpağın buna müvafiq olaraq becərilməsi və gübrələnməsi sisteminə növbəli əkin deyilir. Növbəli əkinlər, tarlalarda bitkilərin düzgün növbələşdirilməsinə uyğun torpaqbecərmə və gübrələmə sistemləri ilə əlaqələndirildiyi halda daha yüksək səmərə verir.
Bitkilərin elmi əsaslandırılmış qaydada növbələşdirilməsi, torpaqda qida maddələrinin artırılması və onlardan səmərəli istifadıə olunması, əlverişli su-fiziki xüsusiyyətləri yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmasını təmin edir.
Növbəli əkinlər layihələşdirilərkən bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların tarlalarda müəyyən edilmiş ardıcıllıqla növbələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə növbəli əkin üçün ayrılan ərazi, becərilən bitkilərin əkin sahələrinə görə bərabər tarlalara bölünür. Bu zaman tarlaların həcmi arasında olan fərq 5%-dən artıq olmamalıdır. Hər bir tarlada bir və yaxud eyni qrupa daxil olan bir neçə bitki əkilir. Hər bir növbəli əkin müəyyən sayda tarlalardan təşkil olunur.
Növbəli əkin sistemində nəzərdə tutulan hər hansı bitkinin və ya heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müddətə rotasiya dövrü deyilir. Sadə növbəli əkinlərdə rotasiya müddəti tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli əkinə dörd tarla ayrılarsa, rotasiya müddəti 4 il, beş tarla ayrılarsa 5 il və s. olacaqdır.
Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya cədvəli adlanır. Rotasiya cədvəlinin köməyi ilə növbəli əkin dövriyyəsində istifadə olunan hər bir bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini müəyyən etmək olur.
Növbəli əkinlərin əsasını əkin sahələrinin quruluşu, yəni əsas və sələf bitkilərinin nisbətləri təşkil edir. Həmin nisbət təsərrüfatın istiqamətindən, ixtisaslaşma dərəcəsindən, istehsal olunacaq ümumi məhsulun miqdarından, torpaqların münbitlik dərəcəsindən və s. Asılıdır. Əsas bitkinin xüsusi kütləsinin yüksək olduğu növbəli əkinlər, təsərrüfatın istiqamətinə və ixtisaslaşma dərəcəsinə uyğun olmaqla bərabər, həm də ümumi məhsul istehsalını artırdığına görə daha üstün hesab edilirlər. Az münbitli torpaqlarda tətbiq olunacaq növbəli əkinlərdə isə, sələf bitkilərinin sahəsi artırıla bilər. Hər hansı tarlada əvvəlki ildə istifadə olunan bitki və ya herik, sonra əkilən bitki üçün sələf adlanır. Sələf bitkilərinin qarşısında duran əsas vəzifə, torpağın münbitliyinin artırılmasından ibarətdir. Deməli, münbit torpaqlarda tətbiq edilən növbəli əkinlərdə əsas bitkinin xüsusi kütləsini artırmaq mümkün olduğu halda, münbitliyi az olan torpaqlarda isə əksinə, əsas bitkini sələflərlə daha tez-tez əvəz etmək lazım gəlir. Ona görə də, növbəli əkinlərin səmərəli sxemləri seçilərkən, istehsal olunacaq məhsulun miqdarı və ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmalıdır.