Növbəli əkinlərdə tarlaların sayı və həcmi bitkilərin nisbətindən, sahənin relyefindən, təbii sərhədlərindən, torpaq örtüyündən və s. asılı olaraq müəyyən edilir. Çoxtarlalı və uzun rotasiyalı növbəli əkinlərə nisbətən, qısa rotasiyalı növbəli əkinlərdə tarlanın həcmi artıq götürülür ki, bu da texnikadan səmərəli istifadə etməklə, aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsinə imkan verir.
2.7. Torpağın becərilmə texnologiyası
2.7.1. Torpağın becərilməsinin elmi əsasları
Kənd təsərrüfatı bitkilərinin normal böyüyüb inkişaf edərək, yüksək məhsul verməsi üçün onlara lazım olan həyat amilləri ilə təmin edilməlidir. Bitkilərin həyat amillərinə, xüsusilə su və qida maddələrinə olan tələbi əsasən torpaqdan ödənilir. Əlverişli əkin qatı quruluşuna malik olan torpaqlarda nəmliyin toplanması və qorunub saxlanması, habelə qida maddələrinin səmərəli nisbətlərinin yaradılması mümkün olur. Əkin qatının quruluşunun yaxşılaşdırılması isə torpağın becərilməsi ilə həyata keçirilir.
Torpağın becərilməsi onun su, hava, istilik və qida rejimlərini istiqamətli dəyişməklə, bitkilərin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədi ilə istifadə olunan maşın və alətlərin işçi orqanlarının torpağa göstərdiyi mexaniki təsirdən ibarətdir.
İctimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsi, təbiət elmlərinin inkişafı, aqrar sahədə texniki təchizatların artırılması prosesləri öz növbəsində torpağın becərilmə qaydalarının dəyişdirilməsinə səbəb olmuşdur (Şəkil 2.4) .
İnsanlar hələ cır meyvələr yığmaqdan və ov etməkdən əl çəkərək, oturaq həyat tərzi ilə müəyyən qrup bitkilər becərməklə məşğul olduqları vaxt təcrübi olaraq müəyyən etmişlər ki, əvvəlcədən yumşaldılmış və lazımsız bitkilərdən təmizlənmiş sahələrin məhsulu daha çox olur.
Əkinçiliyin ilk inkişaf mərhələsində torpaq becərmənin qarşısında bir məsələ dururdu ki, bu da bitki toxumlarını müəyyən dərinlikdə torpağa basdırmaq üçün yumşaltma aparmaqdan ibarət idi. Torpağın ibtidai qaydada becərildiyi həmin vaxtda insanlar öz müşahidə və təcrübələri ilə bu cür “aqrotexnikanın” zəruri olduğunu hiss etsələr də bu zaman torpaqda və bitkidə hansı prosesin getdiyini bilmirdilər.