İnsanlar ilk dövrdə iri heyvanların buynuz və sümüklərindən, ağac və daşlardan hazırlanmış alətlərdən istifadə edib torpağı xırdalamaq, yuva və şırım açmaqla becərmələr aparırdılar. Həmin alətlər əsasən qol gücünə işlədilirdi və qismən torpağı kəsməyə və xırdalamağa imkan verirdi.
Sonralar torpağı becərərkən qol, ayaq və bədənin gücündən birlikdə istifadə etməklə becərmə dərinliyi və en götürümü xeyli artırılmış, torpağın çevrilməsi, xırdalanması və s. təmin olunmuşdur. Bu zaman əsasən bel və bu tipli digər alətlərdən istifadə edilirdi. Eyni zamanda insanlar təcrübi olaraq müəyyən etmişlər ki, yabanı bitki qalıqlarının doğranaraq torpağa basdırıldığı və ardıcıl yumşaltmalar aparıldığı sahələrdə məhsuldarlıq daha yüksək olur.
Əkinçilikdə heyvanların gücündən istifadə olunması yeni torpaq becərən alətlərin-xışın yaradılmasına səbəb olmuşdur. Bir çox ölkələrdə insanlar uzun müddət torpağı xış kimi alətlərdən istifadə etməklə becərmişlər (Şəkil 2.4).
Gavahını olan xış alətindən istifadə etməklə torpağın daha dərin
becərilməsi mümkün olmuşdur. Laydırla təchiz olunmuş xış ilə becərmələr apardıqda torpaq müəyyən dərəcədə çevrilir və becərmənin qarşısında duran bir neçə məsələ həll edilir. Əkinçilikdə torpağın kotanla becərilməsinin minillik tarixi vardır. Qədim Romada istifadə edilən kotan tipli alətlər, müasir kotanların iş prinsiplərini düzgün qurmaq üçün ilkin əsas olmuşdur.
Hazırda torpağın əsas becərilməsi üsulları, kotanın laydırının formasının dəyişdirilməsi və kotanla becərməni tamamlayan digər alətlərdən istifadə olunması hesabına aparılır (Şəkil 2.5).
Müasir əkinçilikdə konkret təbii-iqtisadi şəraitə uyğun olaraq torpağın əsas, səpinqabağı və səpindən sonra becərilməsinin xüsusiyyətlərini əhatə edən çoxsaylı tədqiqat materialı əldə edilmişdir. Buraya: torpağın müxtəlif qaydada becərilməsinin üsulları, müddəti və dərinliyinin öyrənilməsi, eroziyaya qarşı mübarizə tədbirlərinin müəyyən edilməsi, xüsusi iki-üç laylı torpaq becərmə üsullarının və torpaq becərən alətlərin hərəkət sürətinin öyrənilməsi, torpağın mexaniki becərilməsinin optimallaşdırılması üsulları və digər məsələlər daxildir.
2.7.2. Torpaqbecərmənin qarşısında duran vəzifələr
Torpağın münbitliyinin artırılması və becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsi üzrə yerinə yetirilən aqrotexniki tədbirlər içərisində düzgün aparılan mexaniki becərmələr xüsusi yer tutur.