Torpağı becərən zaman onun xırdalanması, yumşaldılması və bərkidilməsi nəticəsində, onun bərk fazası ilə kapillyar və qeyri-kapillyar məsamələri arasında lazım olan nisbət yaradılır (Şəkil 2.6).
Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsindən asılı olaraq, torpağın becərilməsi həm əkin qatında, həm də istənilən qatda aparıla bilər. Quraq iqlim şəraitində becərmənin qarşısında duran əsas məsələ, torpaqda nəmlik ehtiyatı yaratmaq və onun itirilməsinin qarşısını almaqdan ibarətdir.
Nəmliyi çox olan torpaqlarda becərmələr aparmaqla, artıq nəmlik torpaqdan kənarlaşdırılır və əkin qatında əlverişli hava-su qatı yaradılır.
Düzgün becərmə aparılan torpaqlarda tətbiq edilən digər aqrotexniki tədbirlər: suvarmanın, yemlənmənin, bitkilərinin növbələşdirilmiş qaydada becərilməsinin və s. səmərəsi artır.
Əkin sahələrində alaq otlarına qarşı mübarizə və torpaqda nəmliyin saxlanması əsasən mexaniki becərmələr aparmaqla yerinə yetirilir.
Torpağın becərilməsinin səmərəsi, onun düzgün seçilməsi və vaxtında aparılması yolu ilə artırıla bilər.
Torpağın becərilməsinin qarşısında aşağıdakı vəzifələr durur:
Bəzi halda torpaq becərmənin qarşısında duran bir məsələnin həlli digəri ilə ziddiyyət təşkil edir. Məsələn, torpağın intensiv becərilməsi, onun struktur vəziyyətini yaxşılaşdırmaqla bərabər, humusun parçalanmasını sürətləndirir və münbitlikdən səmərəli istifadə edilməsinə mənfi təsir göstərir. Və yaxud, torpağın üst qatında bitki qalıqlarının saxlanması eroziya prosesinin qarşısını aldığı halda, alaq otlarının, xəstəlik və zərərvericilərin artmasına şərait yaradır.
Torpağın mexaniki becərilməsində istifadə olunan maşın və alətlərin çoxsaylı gedişi nəticəsində torpaq daha çox kipləşir və onun su-fiziki xassələri pisləşir. Ona görə də əməliyyatları birləşdirməklə torpaq becərmənin sayının minimuma endirilməsinə üstünlük verilməlidir.
2.7.3. Torpağın becərilməsində gedən texnoloji proseslər