Torpağın becərilməsi, istifadə olunan maşın və alətlərin işçi orqanlarının torpağa göstərdiyi mexaniki təsirdən ibarətdir. Bu zaman müxtəlif texnoloji əməliyyatlar yerinə yetirilir.
Torpağın müxtəlif becərmə üsullarının düzgün qiymətləndirilməsində ilk növbədə istifadə olunan alətlərin təsiri ilə torpaqda gedən prosesləri nəzərə almaq lazımdır. Torpaq becərmədə istifadə olunan alətlərin çeşidinin çox olmasına baxmayaraq, onların torpağa texnoloji təsirini bir neçə əməliyyata aid etmək olar. Bu əməliyyatlara torpağın çevrilməsi, xırdalanması, yumşaldılması, qarışdırılması, sıxlaşdırılması, səthin düzəldilməsi, torpaq səthində bitki qalıqlarının saxlanması və s. daxildir.
Bəzi halda bir alətdən istifadə etməklə torpaq becərildikdə, eyni vaxtda bir neçə texnoloji proses yerinə yetirilir. Məsələn, düzgün aparılan şum zamanı torpağın çevrilməsi, xırdalanması, yumşaldılması, qarışdırılması, alaqların kəsilməsi və s. başa çatdırılır.
Torpağın çevrilməsi onun üst və alt qatlarının şaquli, həmçinin torpaq laylarının üfüqi istiqamətdə yerlərinin dəyişməsidir. Bu zaman orta hesabla hektarda 3 min ton torpağı müəyyən yüksəkliyə qaldırmaq lazım gəlir.
Torpağın xırdalanması zamanı iri kəltənlər xırda hissəciklərə parçalanır və eyni zamanda yumşaldılır.
Xırdalama həm torpağın əkin qatında, həm də ayrı-ayrı qatlarda su-hava rejimini yaxşılaşdırır.
Torpağın yumşaldılması onun su hava rejimini yaxşılaşdırmaq üçün lazımdır.
Yumşaldılmış torpaqlarda havalanma yaxşı getdiyinə görə mikroorqanizmlərin fəaliyyəti güclənir, bioloji proseslər fəallaşır və bitkilər tərəfindən mənimsənilə bilən qida maddələrinin miqdarı artır.
Yumşaldılmış torpaqlarda bitkilərin kökləri normal inkişaf edərək dərin qatlara gedir.
Torpağın qarışdırılması eyni cür əkin qatı yaratmaq və hər hansı maddəni əkin qatında bərabər paylamaq lazım olduğu halda aparılır.
Sıxlaşdırma çox yumşaq torpaqlarda, toxum ilə torpaq arasında əlaqə yaratmaq və torpağın küləklə sovrulmasının qarşısını almaq məqsədi ilə aparılır.
Torpağın səthinin hamarlanması toxumları bərabər dərinliyə basdırmaq, suyun sahədə bərabər paylanmasını təmin etmək, vegetasiya müddətində bitkilərə yaxşı qulluq etmək və s. üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır.
Alaq bitkilərinin kəsilməsi adətən torpağın çevrilməsi, qarışdırılması, yumşaldılması və s. prosesləri ilə eyni vaxtda yerinə yetirilir. Lakin çox vaxt alaq otlarına qarşı müxtəlif işçi orqanları ilə təchiz edilmiş kultivatorlar tətbiq olunur. Birillik alaq otlarının çox yayıldığı sahələrdə əsasən birtərəfli bıçaq-ülgüclərdən, çoxillik alaq otlarının mövcud olduğu sahələrdə isə yumşaldıcılardan və qazayağı alətlərdən istifadə olunur.
2.7.4. Torpağın becərilmə qaydası, üsulu və sistemləri
Torpaq becərən maşın və alətlərdən istifadə etməklə, əkin qatının quruluşunun birtərəfli dəyişdirilməsi, torpağın becərilmə qaydası adlanır.