Habelə ola bilər ki, ərazidə vaxtilə tarla, bostan, tərəvəz bitkiləri becərilib. Xam torpaqlarda və ya dincə qoyulmuş ərazidə də tinglik yaratmaq olar. Ərazidə olan daşı şumdam qabaq və şumdan sonra əllə və yaxud daşyığan maşınla təmizləyirlər. Ağac, kol və kötükləri bellə, kol bitkilərini, xırda kötükləri müxtəlif texnikanın köməyi ilə sahədən çıxarırlar. Ərazidə olan yarğanları, dərələri, xəndəkləri, çuxurları buldozer, skreper və qreyderdən istifadə edərək doldururlar. Səthi düzəltmək üçün müxtəlif səth düzəldici texnikalardan istifadə edilir (Şəkil 3.5).
Torpaqda turşuluğun yüksəkliyi tumlu meyvə bitkilərinə mənfi təsir edir. Belə mühitdə üzvi birləşmələr minerallaşa bilmir, mikroorqanizmlərin fəaliyyəti zəifləyir, bitkilər makro və mikroelementlərlə təmin oluna bilmir. Ümumiyyətlə tumlu meyvə bitkilərinin torpağın turşuluq dərəcəsinə münasibəti müxtəlifdir. Meşə almasının turş və zəif-turş torpaqlarda qismən, zəif-turş, duz çəkisində pH 6,0-6,2 və su çəkisində pH 6,3-6,5 olduqda isə daha normal bitdiyi müəyyən edilmişdir. Alma torpağın əhəngləşdirilməsinə ən həssas bitkilərdəndir. Armud isə əhəngə az tələbkar olub, turş torpaqlarda daha yaxşı bitir.
Turş torpaqların neytrallaşdırılması üçün hektara veriləcək əhəngin tonla miqdarı torpaqdakı hidrolitik turşuluğun dərəcəsindən asılıdır. Turşuluğun neytrallaşdırılması üçün torpaq tipindən asılı olaraq hər hektara 2-6 ton əhəng verilir.
Şorakətli torpaqlar kip olduğundan onun becərilməsi çətinləşir, hava rejimi pisləşir, bitki normal inkişaf edə bilmir. Şorakətli torpaqların uducu kompleksində natriumun olması və belə torpaqların qələvi reaksiyalılığı qeyd olunan əlverişsiz şəraitin yaranmasına səbəb olur. Şorakətli torpaqların yaxşılaşdırılması üçün meyvə tingliyi salınmazdan 2-3 il əvvəl hər hektara 4-8 ton gips verməklə sahəni gipsləyirlər. Bunun üçün sahəyə fosfogipsi və ya alebasteri səpib oraya başdan-başa kultivasiya çəkilir. Gipsin şumdan qabaq mineral gübrələrlə qarışdırılıb sahəyə verilməsi daha səmərəli olar. Duz bitkidə mübadilə sistemini pozur, qida maddələrinin keyfiyyətini azaldır, xlorofılin fəaliyyətini zəiflədir, yarpaq üzvi maddələr toplaya bilmir. Belə şəraitdə calaqaltı və ting zəif olur.