Duzlu torpağın yaxşılaşdırılması üçün onu şit su ilə yuyurlar, drenaj xəndəklər, şəbəkələr çəkilir, hektara 3000-13000 m3 su verilir, 2-8 dəfə suvarılır, duzdan təmizlənilmiş sahədə bağ salındıqdan sonra cərgəaralarında üç il yonca becərilir, sonra şumlanır, müxtəlif kənd təsərrüfatı bitkiləri növbə ilə becərilir, qrunt sularının qalxmaması üçün bağı az su norması ilə suvarırlar. Ərazinin səthi düz olmadıqda su toplanır, qrunt sularının səviyyəsi qalxır, havasızlıq əmələ gəlir. Ərazidən artıq suyun kənara çıxması üçün sahə alaq otlarından təmizlənir, arxlar, drenajlar çəkilir, su gölə, çaya axıdılır, sahədə dənli, dənli-paxlalı bitkilər becərilir, çoxillik alaq otlarına qarşı mübarizə məqsədilə sahədə bir neçə il arpa becərilir. Bataqlıqlar qurudulduqdan sonra torpaqda mikroorqanizmlərin fəaliyyəti yüksəlir, üzvi maddələr minerallaşır.
Tingliyin təşkili. Torpaqdan səmərəli istifadə etməkdə onun düzgün təşkili, şöbələr üzrə uyğun paylanması əsas şərtdir. Bu işlə layihələşdirmə müəssisələrinin mütəxəssisləri məşğul olur. Ərazi praktiki olaraq bölüşdürülməzdən əvvəl kağız üzərində gələcək tingliyin bütün şöbələrinin mövqeyi müəyyənləşdirilir, hər şöbənin sahəsi hesablanır, layihə müzakirə olunur, təsdiq olunduqdan sonra layihədə göstərilən bütün şöbələr sahədə praktiki olaraq yerləşdirilir (Şəkil 3.6).
Layihədə birinci növbədə ərazinin cəhətlər üzrə sərhədləri müəyyənləşdirilir. Layihədə canlı çəpər, qoruyucu zolaq, küləkqırıcı xətt, toxumluq ana bağ, klon calaqaltılar sahəsi, çoxaltma şöbəsi, calaqlıq şöbəsi, magistral (ana) yollar, sərnələr, sərnəarası yollar, inşaat üçün ayrılmış sahə və s. dəqiq göstərilir. Adətən tinglik üçün yararsız olan daşlı, çınqıllı sahələr inşaat üçün ayrılır. Hər şöbənin müvafiq yardımçı sahələri, yolların, zolaqların və s. təşkili üçün ayrılmış sahələr hesablanır, ümumi sahədən çıxılır və tingliyin təşkili üçün ayrılmış təmiz sahə müəyyənləşdirilir. Tinglikdə texnoloji əməliyyatın tətbiqinə başlamazdan azı bir il əvvəl sahənin ətrafında çəpər və qoruyucu zolaq yaradılmalıdır.
3.2.4. Tinglikdə əkin dövriyyəsinin tərtibi
Calaqaltının və tingin uzun illər eyni sahədə yetişdirilməsi bioloji, aqrotexnoloji, təsərrüfat və iqtisadi cəhətdən əlverişli deyil. Bu halda bitki torpaqdan hər il eyni qida maddələrini mənimsəyərək onu taqətdən salır, eyni növ alaq otlarının, zərərvericilərin, xəstəliklərin artmasına şərait yaradır, torpağın arasıkəsilmədən becərilməsi, onun fiziki xüsusiyyətlərinin pisləşməsinə səbəb olur. Nəticədə belə şəraitdə yetişdirilən calaqaltı və tingin keyfiyyəti aşağı düşür, tinglik təsərrüfatına böyük iqtisadi ziyan dəyir.
Torpaqdan səmərəli istifadə etmək, onun münbitliyini yüksəltmək, fiziki xüsusiyyətlərini yaxşılaşdırmaq, sahə vahidindən çoxlu, yüksək keyfiyyətli calaqaltı və ting çıxımını artırmaq, tingin maya dəyərini aşağı salmaq, təsərrüfatın əlaqədar sahələrinin planlı və gəlirlə fəaliyyətdə olması məqsədi ilə meyvə tingliklərində əkin dövriyyəsi və ya növbəli əkin sxemləri tətbiq edilməlidir. Bioloji, aqrotexnoloji, iqtisadi və təsərrüfat cəhətindən düzgün tərtib və tətbiq edilmiş əkin dövriyyəsi yuxarıda qeyd olunmuş çatışmazlıqları aradan qaldırır, təsərrüfatın rentabelli işləməsini təmin edir.