3.3. Tumlu meyvə tinginin yetişdirilməsi texnologiyası
Tingliyin calaqlıq və ya formavermə şöbəsində tumlu meyvə bağı salmaq üçün birillik, bəzi hallarda ikiillik ting yetişdirilir (Sxem 3.6). Tumlu meyvə tinginin yetişdirilməsində calaqla artırmadan istifadə edilir. Meyvəçiliyin intensiv yolla inkişafı ilə əlaqədar olaraq, ting yetişdirmə texnologiyası xeyli dəyişdirilmiş, onun yetişdirilməsi vaxti xeyli qısaldılmış, mütərəqqi üsullar yaradılmış, mexanikləşdirmə sahəsi genişləndirilmiş, hektardan ting çıxımı artmış, tingin keyfiyyəti xeyli yüksəldilmiş, onun maya dəyəri aşağı salınmışdır.
Tingin keyfiyyəti sələfdən, calaqlıq şöbəsinin təşkili üçün sahənin hazırlanması keyfiyyətindən və tətbiq olunan texnoloji əməliyyatın keyfiyyətindən asılıdır. Yüksək keyfiyyətli ting yetişdirilməsi məqsədilə calaqlıq şöbəsi üçün ayrılmış sahəyə üzvi, mineral gübrə verilməklə şum aparılır, səthini düzəldilirək, əkin və yaxud səpinə hazırlanır.