Tingin çıxarılması vaxtı. Bir qayda olaraq bütün fizioloji proseslər normal tamamlanıb, bitki nisbi sükunət dövrünə keçdikdən sonra o, çıxarılır. Fizioloji prosesləri normal tamamlamış tingin uc yarpaqları iri, sortaməxsus rəngdə, həcmdə, təpə tumurcuğu tam inkişaf etmiş, oduncağı isə bərkimiş olur. Tingi adətən iki vaxtda - payızda və yazda çıxarırlar. Tingin payızda çıxarılması çox əlverişlidir. Bu dövrdə işçi qüvvəsinin nisbətən sərbəstliyi, təsərrüfatda gərginliyin olmaması, vaxtın uzunluğu tingin çıxarılmasına əlverişli şərait yaradır. Tingin payızda çıxarılması həmçinin təsərrüfatda növbəli əkin sxemi əsasında tingdən azad olmuş tarlalarda texnoloji əməliyyatların vaxtında və yüksək səviyyədə tətbiqinə də şərait yaradır. Lakin bu zaman tingin vaxtından tez və ya gec çıxarılması yaxşı nəticə vermir. Ona görə də tinglər adətən payızda yarpaqlar normal halda töküldükdən sonra çıxarılır.
Tingin yarpaqlı halda çıxarılması çox ziyanlıdır. Çünki bu zaman yarpaqlar rütubəti intensiv buxarlandıraraq tingin zəifləməsinə, hətta qurumasına səbəb olur. Buna görə yarpaqlar ting çıxarılana qədər tökülmürsə, o zaman onların tökülməsi prosesi süni yolla - əllə və ya kimyəvi preparatların köməyilə aparılır.
Tinglərdə yarpaqların əllə sıyrılaraq tökülməsi üçün çətri təşkil edən zoğun və ya çətirsiz tingdə gövdənin ucunu əlin baş və şəhadət barmağı ilə möhkəm tutur, sağ əlin baş və şəhadət barmaqlarını bitişdirib, zoğun yuxarısından aşağısına doğru hərəkət etdirirlər. Beləliklə yarpaqlar yuxarıdan aşağıya doğru sıyrılır. Armud bitkisində tumurcuqlar iri olduğundan yarpaqları yuxarıdan aşağıya doğru sıyırdıqda onlar asanlıqla qırıla bilər. Ona görə də bitkilərində yarpaqları zoğun aşağısından yuxarıya doğru sıyırırlar. Payızda yarpaqlar soluxmağa başlayıb rəngini dəyişən dövrdə, tingin çıxarılmasından təxminən 10-15 gün əvvəl onlar sıyrılaraq tökdürülür.
Yarpaqların süni yolla tökdürülməsi prosesinə defoliasiya, bu məqsəd üçün istifadə olunan kimyəvi preparatlara defoliant deyilir. Defoliantları maye halında traktor çiləyiciləri ilə çiləyirlər. Məsələn, 0,4 %-li maqnezium xlorat məhlulunun hektara 2000 l çilənməsi alma tinglərində yarpaqların 75 %-nin, armud tinglərində 100 %-nin, 0,75 %-li endotel məhlulunun hektara 2000 l çilənməsi isə alma tinglərində yarpaqların 96 %-nin, armud tinglərin 100 %-nin, tökülməsinə səbəb olmuşdur.
Maqnezium-xlorat preparatının aşağıdakı normada sərf olunması tövsiyə edilmişdir: alma tingləri üçün 10 kq/ha, armud tingləri üçün 8 kq/ha. Tingliyin ikinci tarlasında olan birillik tingləri 1200 l/ha, üçüncü tarlasında olan ikiillik tingləri 2000 l/ha məhlulla çiləyirlər.
Defoliantların qarışdırılaraq məhlul halında çilənməsi daha yaxşı nəticə verir. Məsələn, ammonium sulfatın 7-8 %-li məhluluna mis kuporosunun 1 %-li məhlulunu qarışdıraraq alma və armud tinglərinə çilənməsi yarpaqların tam tökülməsinə səbəb olur.
Tingin çıxarılması texnikası. Tingi iki üsulla - əllə və mexanizmlə qazıb çıxardırlar.
Tingin əllə çıxardılması. Kiçik tinglik təsərrüfatlarında yetişdirilən tingləri bir qayda olaraq bellə qazıb çıxarırlar. Tingin bellə qazılıb çıxarılmasını asanlaşdırmaq məqsədilə iki fəhlə birlikdə bu işi icra edir. Onlardan biri birinci cərgədən başlayaraq onun uzununa tinglərdən 30-40 sm kənarda, 35-40 sm dərinlikdə, 20-25 sm enində xəndək açır, xəndəkdən qazılmış torpağı çıxartdıqca xəndəyin ting olmayan tərəfinə tökür, sonra həmin cərəgənin içəri tərəfindən, tinglərdən təxminən 30 sm kənardan belin ağzını torpağa bir neçə dəfə dərin batırıb, onu torpaqdan çıxartmadan tingi torpaqla birlikdə qazılmış xəndək tərəfə basır.