Xəndək tərəfdə duran ikinci fəhlə xəndəyə tərəf basılmış tingin ştambını iki əllə möhkəm tutub, ehtiyatla torpaqdan çəkib çıxardır. Birinci fəhlə beli torpaqdan çıxardıb, tingin torpağın dərin qatına işləyən kökünü aşağıdan kəsir. Bu qayda ilə digər cərgələrdə olan tinglər də növbə ilə çıxardılır.
Tək-tək tingləri çıxartmaq üçün hər tingin ətrafını onun gövdəsindən təxminən 30 sm kənarda tədricən qazıb torpağı kənara tökmək lazımdır ki, tingin kök sistemi torpaqdan ayrılsın. Sonra tingin ştambından tutaraq onu qazıldığı yerdən çıxardırlar. Tingin əllə çıxardılması izafi xərc və əmək tələb etdiyindən, onun maya dəyərini yüksəldir. Bu səbəbdən iri təsərrüfatlarda tingi mexanizm və ya texnikanın tətbiqilə çıxardırlar.
Tingin mexanizmlə çıxarılması. İri tinglik təsərrüfatlarında tingin çıxarılması üçün mexanizm və texnikadan istifadə edilir. Tinglik təsərrüfatlarında bu məqsədlə qoşma və ya asma kotandan istifadə edilir. Kotanın işçi orqanı olan bıçağın en götürümü 55 sm olub, torpağın 35-40 sm dərinliyinə bataraq kökləri kəsir, fəhlələr isə topraqdan ayrılmış tingləri əllə dartıb, torpaqdan çıxardırlar. Kotanla saatda 0,25-0,38 ha sahədən ting çıxardılır. Qazılmış tingin torpaqdan ayrılmasını asanlaşdırmaq məqsədilə kotanın bıçağının arxa tərəfinə müxtəlif quruluşlu qaldırıcılar, çubuq tipli metal, dəmir transportyorlar bərkidilir.
Qranulometrik tərkibi ağır, kip torpaqlarda ikiillik tingin çıxardılması üçün eyni vaxtda iki traktordan istifadə edilir. Birillik tingləri 30-35 sm dərinlikdə, ikiillik tingləri 35-40 sm dərinlikdə qazıb çıxarırlar.
Tinglərin çeşidlərə ayrılması. Tumlu meyvə bağı salmaq üçün realizə olunacaq tinglərin cinsi, calaqaltının tipi, sortun pomoloji adı və çeşidi dəqiq təyin edilməlidir. Tingləri çeşidlərə ayırarkən onların gövdəsinin sağlamlıq dərəcəsi, böyümə xarakteri, ştambın diametri, çətri təşkil edən skelet budaqların miqdarı, hər budağın uzunluğu, gövdə və budaq üzərindəki zədələrin xarakteri, skelet və xırda köklərin miqdarı, uzunluğu və s. nəzərə alınır (Cədvəl 3.4, Cədvəl 3.5 və Cədvəl 3.6).
№ | Meyvə cinsləri |
Calaqaltılar | Çeşid | Ştambın hündürlüyü, sm |
Ştambın diametri, sm |
Əsas budaqların uzunluğu, sm |
1 | Alma | Uca boylu | I | 60-80 | 1,6 | 50 |
II | 60-80 | 1,4 | 40 | |||
Orta boylu | I | 60-80 | 1,5 | 40 | ||
II | 60-80 | 1,3 | 30 | |||
Gödək boylu | I | 50-60 | 1,4 | 40 | ||
II | 50-60 | 1,2 | 30 | |||
Uca boylu (aralıq karlik) |
I | 50-60 | 1,4 | 40 | ||
I | 50-60 | 1,2 | 30 | |||
2 | Armud | Uca boylu | I | 60-70 | 1,6 | 50 |
II | 60-70 | 1,4 | 40 | |||
Heyva | I | 50-60 | 1,5 | 40 | ||
II | 50-60 | 1,3 | 30 | |||
Heyva aralıq sortla |
I | 50-60 | 1,5 | 40 | ||
II | 50-60 | 1,3 | 30 |
Cədvəl3.4. Birillik çətirli tingin parametrləri