Bu, köklərin qurumasının qarşısını almaqla bərabər onun torpaqla daha tez ünsiyyətinə imkan yaradır. Müəyyən olunub ki, tərkibində boy maddələri olan (hər 10 1 suya 0,2 mq hetereauksin və ya 10 mq indolil yağ turşusu, yaxud 50-100 mq naftil sirkə turşusu) torpaq horrası da bu məqsəd üçün yararlıdır. Payızda çıxarılıb və əkin üçün kökləri kəsilib hazırlanmış tingləri, yazda saxlandığı yerdən çıxarıb əkərkən, kökləri təkrar kəsməyə ehtiyac olmur. Çünki kəsilmiş hissələrdə qış dövründə artıq kallüs əmələ gəlmiş olur və əlavə yara, boyu zəiflədə bilər. Əkin üçün hazırlanmış tinglərin kök sistemi əkinə qədər müvəqqəti olaraq torpaqlanmış vəziyyətdə saxlanılır.
Əkin qaydası. Meyvə bitkilərinin tingləri əl ilə və ya mexanizmlərlə əkilir. Əl ilə əkin çalada və şırımda aparılır.
Çalaya əkin zamanı çala əl ilə və ya mexanizmlərlə qazılır. Qazılmış çalanın ölçüləri torpağın hazırlanma üsulundan asılıdır. Plantaj şumu aparılmayan sahələrdə çalanın diametri 100 və dərinliyi 60-70 sm götürülür. Plantaj şumu aparılan sahələrdə isə çalanın eni 40-50 sm, dərinliyi isə 40 sm olur.
Çala qazılan zaman, ağacın yerini göstərən mərkəzin itməməsi üçün əkin taxtasından istifadə edilir. Bu taxta, uzunluğu əl ilə qazmaq üçün 1,5 m, mexanizmlərlə qazmaq üçün isə 2,5-3 m olan, 2-3 sm qalınlığında hamar taxtadır. Taxta üzərində iki kənarda və tən ortada kəsimlər (yarıq) olur. İki kənar kəsimlər nişangah, mərkəzi kəsim isə ağacın yerini göstərən paya üçündür. Taxta mərkəzi kəsim ilə payaya düz qoyulur və iki kənar kəsimlərin yerinə əlavə payalar sancılır. Bunlar, çala qazıldıqdan sonra ağacın yerini əkin taxtası ilə müəyyənləşdirmək üçün nişangah rolunu oynayır.
Mexanizmlərlə qazmaq üçün traktora qoşulmuş müxtəlif markalı çala qazanlardan istifadə olunur (Şəkil 4.27).