Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Tumlu meyvə bağlarının fəaliyyət dövrü bir-birindən fərqli olan iki mərhələdən ibarətdir.
İlk mərhələ ağaclar bağa əkildikdən sonra onların tam məhsula düşənə qədər olan dövrünü əhatə edir. Bu yaşda olan bağ – cavan bağ adlanır.
Ağaclara məhsula düşdükdən sonra onların potensial imkanlarının tükənməyə başladığı vaxta qədər olan dövrdə isə məhsuldar bağ adlanır.
Qeyd olunanlardan irəli gələrək müxtəlif mərhələdə olan bağlarda yerinə yetirilən aqrotexnoloji qulluq işləri bir-birindən fərqlənir. Ona görə də cavan və məhsuldar tumlu meyvə bağlarında tətbiq olunan aqrokompeks ayrılıqda verilir.
Bu baxımdan tumlu meyvə bitkilərinə qulluq texnologiyası məhsuldarlığın yüksəldilməsi tədbirləri ilə bağlı beşinci fəsildə verilən biliklər böyük nəzəri və praktiki əhəmiyyətə malikdir.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- Bağda torpağın becərilməsi və ondan səmərəli istifadə - cavan bağda cərgəarası və gövdəətrafı torpağa qulluq (malalama, kultivasiya və s.), cərgəarası torpaqdan müxtəlif məqsədlərlə səmərəli istifadə edilməsi, məhsuldar bağda cərgəarası torpağın saxlanılması sistemi və ona qulluq texnologiyası haqqında geniş biliklər əldə edəcəksiniz;
- Ağacların suvarılması - cavan və məhsuldar bağda yerli şəraitdən və cinslərin tələbindən asılı olaraq suvarma normasının müəyyənləşdirilməsi, suvarmanın sayı və vaxtı, aparılması qaydasını öyrənəcəksiniz;
- Ağacların gübrələnməsi - gübrələrin növləri, dozası, verilmə vaxtı, qaydası (suvarma ilə gübrələmə, kökdən kənar - yarpaq gübrələməsi və s.) haqqında geniş məlumatlar əldə edəcəksiniz;
- Ağacların çətirinin formalaşdırılmasının əsas prinsipləri - ağacda möhkəm özül yaratmaq, budaqların tabeçiliyinə nail olmaq, budaqları fəzada sərbəst yerləşdirmək, məhsula düşməni tezləşdirmək, məhsul yığımının, xəstəlik və zərərvericilərlə mübarizənin mexanikləşdirilməsinın səmərəliliyini yüksəltməklə bağlı məsələləri öyrənəcəksiniz;
- Ağacların budanılması - meyvə bağlarında yerüstü (çətir) və yeraltı (kök sistemin) hissədə tətbiq olunan müxtəlif budama növləri (formaverici, nizamlayıcı, sağlamlaşdırıcı,cavanlaşdırıcı), vaxtı, dərəcəsi, qaydası haqqında biliklər əldə edəcəksiniz və onların icrası ilə bağlı praktiki vərdişlərə yiyələnəcəksiniz;
- Tumlu meyvə bitkilərinə verilən çətir formaları - müasir bağlarda istifadə olunan əsas çətir formaları, onların xarakterizəsi, təbii və süni çətir formalarının yaradılması prinsipləri ilə tanış olacaqsınız, onların icrası ilə bağlı praktiki vərdişlərə yiyələnəcəksiniz;