Bundan sonra gövdə üzərində əmələ gələn zoğlardan çətir yaratmaq üçün lazım olanlar saxlanır, qalanları isə kəsilib atılır. Eyni zamanda kökdən, kök boğazından əmələ gələn pöhrələr də dibindən kəsilib atılmalıdır.
Cavan bağda əsas işlərdən biri də ağaclara plan üzrə nəzərdə tutulmuş çətir formalarının verilməsidir.Meyvə bitkilərinə forma verilməsi çox məsul və ağır bir proses olub, uzun müddət vaxt tələb edir. Buna görə də, formavermə ilə yüksək dərəcədə səriştəli və məsuliyyətli işçilər məşğul olmalıdır. Formavermə əsasən budama ilə müşaiyət olunduğundan cavan bağlarda bu iki məfhum daim birlikdə işlənir. Yaşlı bağda isə bu bərabərlik aradan çıxır.
Cavan bağda formavermə və budama nəzəri məsələlər (tumurcuqların oyanması, zoğ əmələgətirmə, zoğ bərpaetmə, müxtəlif xarakterli tropizm, polyarlıq, regenerasiya, mərtəbəlilik, korrelyasiyon asılılıq, habitus) əsasında aşağıdakıları nəzərdə tutur (Sxem 5.3).
Ağacda möhkəm özül (bünövrə) yaratmaq. Meyvə bitkilərində cins, sort xüsusiyyyətindən və becərilmə şəraitindən asılı olaraq tumurcuqlar gövdədən müxtəlif bucaqlar altında ayrılır. Nisbətən dar bucaq (25-30°) altında budaqların ayrılması gövdə ilə möhkəm anatomik vəhdətə zəmanət vermir. Çünki, bu halda gövdəyə daha yaxın olan budaq, onunla rəqabət aparmağa meyillənir. Nəticədə o, gövdə ilə kökdən gələn qida mənbəyinə eyni bucaq altında baxdığından, toxumaların düzülüşündə sərbəstlik yaranır, oduncaq qatları bitişmir və gövdə ilə budaq arasında ölü toxuma zonası əmələ gəlir (Şəkil 5.5).
Bu ölü toxuma zonası anatomik birliyə imkan vermədiyindən ağacın ağırlığı budağın gövdədən asanlıqla qopmasına səbəb olur. Belə hal, xüsusən gövdə üzərində olan budaqlar, ardıcıl tumurcuqlardan yaradıldığı halda daha çox baş verir. Budağın gövdədən qopması zamanı toxumaların qırılması və sıyrılması həmin yerdən aşağıda baş verir (Şəkil 5.6).