Aşağı mərtəbədəki budaqlara toxunulmur. Qalan budaqlar isə kəsillib atılır. İkinci ilin avqust - sentyabrında, aşağıda yerləşən iki qoşa budaq, üfüqi şəkildə əyilərək birinci sıra məftilə bağlanır. Cərgəyə yönəlmiş sonrakı sıra qoşa budaqlardan birinci mərtəbəni təşkil edənlər gövdədən 55-60°, ikinci mərtəbəni təşkil edənlər 60-65°, üçüncü mərtəbəni təşkil edəcək budaqlar isə 65-70° bucaq altında müvafiq sıra məftillərə bağlanır. Sonda şah budaq yan budaqlanmalara tabe edilir. Tam məhsul dövründə ağaclar daha güclü budanır ki, sıxlaşma olmasın.
Ehramşəkilli karlik forma. İntensiv bağçılıqda alma və armud sortları üçün isifadə olunan sadə çətir formasıdır (Şəkil 5.12). Əsasən də M9 və M26 calaqaltıları üzərində alma sortları, heyva calaqaltısı üzərində isə armud sortları üçün geniş tətbiq olunur. Bu çətir formasında şah budağın hündürlüyü 2 m, orta hissədə çətirin eni 1,2 m olmaqla yuxarı qalxdıqca çətir daralır. Yığcam çətir forması olmaqla ağaclar sıx əkilir və onlara daim nəzarət tələb olunur. M9 calaqaltısı üzərində alma sortlarına 2 x 1,2-1,5 m qida sahəsi verilir. M 26 calaqaltısı üzərində alma sortları və heyva bitkisinin A və yaxud C tipi üzərində armud sortları isə 2 x 1,5-1,8 m qida sahəsi verilməklə əkilir. Ağaclarda yay budaması aparılmalı, şaquli istiqamətdə güclü böyüyən budaqlar dibindən kəsilməli, yeni meyvə budaqcıqlarının əmələ gəlməsi və məhsulvermə prosesi nizamlanmalıdır.
Çətir forması aşağıdakı ardıcıllıqla yaradılır. Əkindən sonra birinci ilin yazında bitkilərin yerüstü hissəsi torpaq səthindən təxminən 50 sm hündürlükdə kəsilir (Şəkil 5.13). Kəsim zamanı sonuncu tumurcuq calaq yerinin əks tərəfində yerləşməlidir. Beləliklə həmin vegetasiya dövründə 4-5 ədəd güclü böyüyən zoğ əmələ gəlir və mərkəzi zoğun dikinə böyüməsi təmin olunur və o, şah budağa çevrilir.
İkinci ilin yazında mərkəzi şah budaq əvvəlki kəsim yerindən 25 sm hündürlükdə kəsilir. Kəsim birinci dəfə kəsim aparılan tumurcuğa əks tərəfdə yerləşən tumurcuğun arxa hissəsindən aparılır. Yan budaqlar isə əvvəlki kəsim yerindən 20 sm uzunluğunda aşağıya baxan tumurcuğa kəsilir. İkinci ildə eyni zamanda yay budaması da aparılır. Yay budaması zamanı şah budaq kəsilmir. Birinci sıra skelet budaqların formalaşdırılması üçün nəzərdə tutulan yan budaqlar da kəsilmir. Qalan budaqlar 3 yarpağa, yaxud da 7-10 sm uzunluğunda kəsilir.