Müasir bağlarda alma və armud sortları üçün iyvari formanın müxtəlif şəkil dəyişmələrindən və kombinə edilmiş çətir formalarından da istifadə olunur.
Heyva bitkisinə sortun bioloji xüsusiyyətindən asılı olaraq ağac və ya kol tipli ağac forması verilir (Şəkil 5.21). Ağac tipli sortlara seyrək mərtəbəli və kasavari forma, kol tipli ağaclara isə kol və 3-4 gövdəli yaxşılaşdırılmış kol forması verilir. Gövdənin sayı çox olduqda çətir daxilində sıxlıq yarandığından quruma sürətlənir və məhsulun keyfiyyəti pisləşir.
Seyrək mərtəbəli çətir. Burada çətir daxilində budaqlar bir-birindən aralı yerləşdiklərindən onlar normal inkişaf edir və gövdənin böyüməsinə şərait yaranır. Belə çətir bir neçə mərtəbədən və 6-8 ədəd skelet budaqdan təşkil olunur. Birinci mərtəbə ikinci tarlada birillik tinglərdə yaradılır. Ştambdan yuxarıda yerləşən zoğlar, iyun ayında 15-20 sm uzunluğunda olarkən, onlardan normal böyümüş üç ədədini seçib birinci mərtəbənin yaradılması üçün saxlayırlar. Bu üç zoğ, ola bilər bir-birinə yaxın olsun və ya ikisi yaxın, biri nisbətən onlardan aralı, yaxud da hər üçü bir-birindən 10-14 sm aralı yerləşsin. Bu hal skelet budaqların daha gümrah böyümələrinə şərait yaradır. Bu zaman aşağıda yerləşən birinci zoğ daha gümrah, uzun və yoğun olmalıdır. Belə budağın cərgəaralarına yönəldilməsi tövsiyə edilir.
Zoğlar gövdədən ən azı 40-45° bucaqla, çətri təşkil edən zoğlar isə bir-birindən üfüqi müstəvidə 90-145° bucaq altında ayrılmalıdır. Birinci mərtəbədə çətir yaratmaq üçün seçilmiş üç ədəd zoğun böyüməsi, inkişafı vegetasiya dövründə nizamlanır. Dar bucaq genişləndirilir, geniş bucaq daraldılır, uzun zoğların ucu qırpılır, ştambda, çətirdə yeni əmələ gəlmiş zoğlar qoparılıb atılır, boyu davam etdirən zoğun böyüməsi üçün şərait yaradılır (Şəkil 5.22).