Məhsuldar bağda bitkilərin düzgün suvarılması sistemi aşağıdakı kimidir:
Heyva bitkisi mövsüm ərzində 4-5 dəfə suvarma tələb edir. Suvarma zamanı torpağın 80-100 sm-lik qatı islanmalıdır. Çünki heyva bitkilərinin kökləri həmin dərinlikdə yerləşir. Rütubətin həm çatışmazlığı, həm də ifrat dərəcədə olması heyva bitkisinə pis təsir edir. Suvarmadan sonra alaqlarla mübarizə və bağda torpağın 8 sm dərinlikdə yumşaldılması tövsiyə edilir.
5.2.3. Ağacların gübrələnməsi
Alma. Məhsuldar alma bağlarında üzvi və mineral gübrələrin birgə verilməsi daha məqsədə uyğundur. Bu zaman onların səmərəliliyi daha yüksək olur. Üzvi və forfor-kalium gübrələri adətən mənimsənilən formaya gec çatdığndan onların torpağa payız şumu zamanı verilməsi daha məqsədə uyğundur. Azot gübrələrinin verilməsi vaxtı çiçəkləməyə qədər olan dövrdür. Lakin azot gübrəsinin çiçəkləmədən sonra və iyunun ortalarında mayalanmış çiçəklərin fizioloji tökülməsində sonra da verilməsi son dərəcə əhəmiyyətlidir.
Əgər bağda torpaq qara herik altında saxlanılırsa onda fosfor-kalium gübrələrinin don şumunun altına verilməsi tövsiyə olunur. Azot gübrələri isə kultivasiya zamanı və yaxud suvarmadan əvvəl sahəyə verilir.
Əgər torpaq çim-çürüntü sistemində saxlanılırsa bütün gübrələr torpaq səthinə verilir. Bu zaman damcı ilə suvarma və ağacların yaxşı inkişaf etmiş saçaqlı kök sistemi gübrələrin bitkilər tərəfindən tam mənimsənilməsinə şərait yaradır. Ümumiyyətlə karlik calaqaltılar saçaqlı və səthi kök sistemi yaratdığından belə bağlarda gübrələr adətən gövdəətrafına verilir.
Gübrənin dozası torpağın münbitliyindən, ağacların yaşındn, sahə vahidində onların sayından və planlaşdırılan məhsulun miqdarından asılıdır. Karlik və yarımkarlik klon calaqaltılar üzərində salınmış tumlu meyvə bağlarında yemləmə şəkilində gübrələmənin böyük əhəmiyyəti var. Çünki belə bağlarda bitkilərin kök sistemi yığcam olmaqla onların əsas kütləsi torpaq səthinə yaxında yerləşir.