Çiçəyi zoğa və ya budaqcığa birləşdirən çiçək saplağıdır. Saplaq vasitəsilə qida maddələri zoğdan və ya budaqcıqdan çiçəyə daxil olur. Çiçək saplağının ucunda çiçəyin yerləşdiyi geniş hissə çiçək yatağı adlanır. Çiçək yatağından bir və ya iki cərgədə düzülmüş kasa yarpaqları ayrılır. Kasa yarpaqlarının hamısına birlikdə çiçəyin kasacığı deyilir. Kasacığın vəzifəsi çiçəyi qorumaq və assimilyasiya prosesinin normal gedişinə şərait yaratmaqdan ibarətdir. Kasacıqdan yuxarıda çiçək ləçəkləri yerləşir. Piqmentlərin xüsusiyyətindən asılı olaraq ləçəklərin rəngi müxtəlif olur. Ləçəklərin müxtəlif rəngdə olmaları həşəratları çiçəyə cəlb edir. Çiçəklərdə efir yağlarının olması onlara xoş ətir verir. Ləçək müxtəlif formada, həcmdə və sayda olur. Tumlu meyvə bitkilərinin çiçəklərində beş ədəd ləçək olur. Ləçəklərin hamısına birlikdə çiçəyin tacı deyilir (Şəkil 1.9). Çiçəyin tacı ilə onun kasacığına birlikdə çiçək yanlığı deyilir.
Çiçəyin ortasında dişicik yerləşir. Tumlu meyvə bitkilərinin çiçəkləri sadə dişiciklidir. Yəni çiçəklərində bir ədəd dişicik var. Dişicik ağızcıq, sütuncuq və yumurtalıqdan təşkil olunur. Tumlu meyvə bitkilərində dişiciyin beş ağızcığı var.
Bitkinin bioloji xüsusiyyətindən asılı olaraq çiçək aşağı, orta və yuxarı yumurtalıqlı olur. Tumlu meyvə bitkilərində çiçək aşağı, və yaxud alt yumurtalıqlı olur. Belə ki,yumurtalıq çiçək yatağının daxilində yerləşərsə belə çiçəyə aşağı yumurtalıqlı çiçək deyilir. Burada çiçəyin yumurtalıq hüceyrələri mayalandıqdan sonra əmələ gəlmiş meyvənin yuxarı tərəfində (təpəsində) kasacıq, kasacığın içərisində isə erkək və dişi çiçək orqanları, kasacıqdan aşağıda isə meyvəyanlığı (meyvənin yediyimiz hissəsi) yerləşir. Eyni zamanda qeyd edək ki, tumlu meyvə bitkilərinin çiçəkləri sadə dişiciklidir. Yəni, bir çiçəkdə bir ədəd dişicik olur.
Tumlu meyvə bitkiləri birevli, çiçəkləri isə ikicinsiyyətlidir. Bitki üzərində yerləşən hər çiçəyin daxilində həm erkək, həm də dişi cinsiyyətli çiçək orqanı yerləşərsə belə bitkiyə birevli bitki, çiçəklərə isə ikicinsiyyətli çiçəklər deyilir. Tumlu meyvə bitkiləri həşəratla tozlanır.