Çiçək topasının tipləri. Bir çiçək tumurcuğundan bir neçə ədəd və ya çoxlu miqdarda əmələ gəlmiş çiçəklərin hamısına birlikdə çiçək topası deyilir. Çiçək topasındakı çiçəklər bir-birinə yaxın olub bütün çiçəklər bir əsas ox üzərində yerləşir. Tumlu meyvə bitkilərindən yalnız heyva cinsində çiçəklər tək-tək yerləşir. Digər tumlu meyvə bitkilərində isə çiçək tumurcuğu açıldıqda çiçək topası əmələ gətirir. Cinsin bioloji xüsusiyyətindən asılı olaraq çiçək topası müxtəlif quruluşa malik olur. Bununla əlaqədar hər çıçək topasına müvafiq ad verilmişdir.
Alma bitkisində çiçək topası sadə çətir tipindədir (Şəkil 1.10). Bu çiçək topasında bütün çiçəklərin saplağı eyni uzunluqda olur. Çiçək qrupunda olan bütün çiçəklərin saplağı bir qısa oxun ucunda sanki bir nöqtədən çıxmış vəziyyətdə yerləşir. Hər saplağın ucunda yerləşən qönçə açılaraq birlikdə çətri, qübbəni xatırlatdıqlarından belə çiçək qrupuna sadə çətir adı verilmişdir.
Armud bitkisinin çiçək topası sadə sipər tiplidir. Sipərin xüsusiyyəti ondan ibarətdir ki, əsas oxun böyürlərində yerləşmiş çiçəklərdə saplaq eyni uzunluqda olmur. Əsas oxun aşağısında yerləşən hər çiçəyin saplağı uzun, yuxarıya doğru düzülmüş çiçəklərin saplağı isə gödək olur. Nəticədə əsas ox üzərində düzülmüş bütün çiçəklərin uc tərəfi eyni səthdə yerləşərək qalxanı və ya sipəri xatırladır. Belə topaya sadə sipər deyilir (Şəkil 1.11).