Alma güvəsi. Gümüşü-ağ rəngli kəpənəkdir. Qanadlarını açdıqda ucları arasında məsafə 20 mm-dir. Məhsula hücum çəkir. Güclü yayıldıqda bitkilərə böyük ziyan vurur: meyvələr tökülür, gələn ilki məhsulun əsası qoyula bilmir. Tırtıl fazasında alma, armud və heyva meyvələri üçün böyük təhlükə mənbəyidir. Tırtıllar 16 mm uzunluğunda olub üzəri şaxtadan mühafizəsi məqsədilə sipərlə örtülüdür. Tırtıllar sarı rəngli olub üzərindən iki cərgə qara nöqtələr gedir (Şəkil 6.26).
Yazda temperatur yüksəldikdə tırtıllar qışladıqları yerdən çıxaraq yarpaqları minalayır, yaşıl kütləni tamamilə məhv edir və özünə tordan ibarət yuva düzəldir. 40 gün ərzində ağacın yaşıl kütləsini tamamilə məhv edə bilir. Sonra tırtıllar öz yuvalarında puplaşır və iki həftədən sonra kəpənəklər əmələ gəlir. Bir dişi fərd 70 ədəd yumurta qoyur. Yumurtalar yapışqan kütlədən ibarət sipərciklə örtülüdür. Yazda yumurtalardan tırtıllar çıxır.
Mübarizə tədbirləri haqqında alma yarpaqbükənində (güvəsi) geniş məlumat verilir.
Alma yarpaqbükəni (güvə). Yarpaqbükən ən geniş yayılmış və müxtəlif k/t bitkiləri üzrə ixtisaslaşmış acgöz zərərvericidir. Pulcuqqanadılır fəsiləsinə aid olub 2 min növü məlumdur (Şəkil 6.27).