Armud.Rütubətə tələbkarlığı calaqaltıdan asılı olaraq müxtəlifdir. Ucaboylu calaqaltı üzərində rütubətə az, gödək boylu (heyva) üzərində rütubətə çox tələb göstərir.
Toxmacar calaqaltı üzərində rütubətə cavan yaşda daha tələbkar olur. Sonrakı mərhələdə kök sistemi torpağın daha dərin qatlarına işlədiyindən rütubət çatışmazlığı bitkiyə o qədər də təsir etmir. Lakin calaqaltı olaraq heyva bitkisindən istifadə olunduqda bitkilər rütubət çatışmazlığından əziyyət çəkir. Çünki heyva bitkisi səthi kök sistemi yaradır.
Əgər vegetasiyanın əvvəlində rütubət çatışmırsa armud bitkisində ümumi boy zəifləyir, yarpaqlar zəif inkişaf edir, meyvəciklər tökülür, zoğların uc hissəsi soluxur və quruyur. Rütubət çatışmazlığı vegetasiyanın ikinci yarısında baş verərsə meyvələr xırdalaşır, vaxtından əvvəl yetişir və tökülür, yarpaqlarda assimilyasiya prosesi pozulur, bitkidə ehtiyat qida maddələrinin miqdarı azalır, ümumilikdə bitkinin davamlılğı aşağı düşür və qışda şaxtadan ciddi zərər görür.
Armud sortlarının normal böyüyüb inkişaf etməsində havanın nisbi nəmliyi də mühüm rol oynayır. Armud bitkisi üçün illik atmosfer çöküntüləri çox olan, xüsusilə də vegetasiya dövründə nisbi nəmliyi kifayət qədər olan hava şəraitinə malik bölgələr daha əlverişlidir. Lakin havanın nisbi nəmliyi normadan çox olarsa göbələk xəstəlikləri geniş yayılır.
Heyva. Heyva rütubətə tələbkar bitkidir. Səthi kök sistemi yaratdığından qrunt suları səthdə yerləşən sahələrdə daha normal böyüyüb inkişaf edir.
Əzgil. Quraqlığa yüksək davamlı bitkidir. Qrunt sularının torpaq səthinə yaxın yerləşməsinə tab gətirmir.
İşıq. Tumlu meyvə bitkilərinin böyümə və inkişafında işığın rolu böyükdür. Yarpaqlarda karbon qazının udulması və fotosintez prosesi bitkinin işıqla normal təmin olunduğu şəraitdə mümkündür. Bitkidə çiçək tumurcuqlarının əmələ gəlməsi, inkişafı, differensiasiyası, çiçəkləmənin normallığı, çiçəklərin tozlanıb mayalanmaları, meyvələrin böyüməsi, onların sorta xas olan rəngə boyanmaları, xoşagələn ətrə və dada malik olmaları işıqla təmin olunma şəraitində mümkündür. İşıq azlıq edən şəraitdə meyvə tumurcuqlarının miqdarı az, keyfiyyəti aşağı, meyvələr xırda, bədrəng, eybəcər, dadsız, yarpaqlar solğun, meyvə budaqcıqları zəif, qısa ömürlü, zoğlartam yetişmədiyindən qışa davamsız olur.Kök sistemi pis inkişaf edir.
Tumlu meyvə bitkilərinin işığa münasibətləri bitkinin cins, sort xüsusiyyətindən, ayrı-ayrı orqanların bioloji xüsusiyyətlərindən və fenofazalardan asılıdır. Eyni bir ağacda olan generativ orqanlar, vegetativ orqanlara nisbətən işığa daha tələbkardırlar. Nisbi sükunət dövründə olan bitki işığa az tələbkar olduğu halda, vegetasiya dövründə olan həmin bitki işığa çox tələbkar olur.
Ağacın işıqla təmin olunması yerin relyefindən, səthin mailliyindən, d.s. hündürlüyündən, atmosfer şəraitindən, qida sahəsindən, çətirin sıxlığından və sairədən asılıdır. Cənub yamaclar çox işıqlı olur. Düz yer kələ-kötür yerə nisbətən daha işıqlı olur. Buludlu havada işıq zəif olur. Cərgələrin şimaldan cənuba yönəldilməsi ağacları işıqla yaxşı təmin edir. Sıx və qarışıq çətirə işıq yaxşı düşmədiyindən yarpaq, zoğ, budaqcıqlar və meyvələr pis böyüyür.