Kükürd. Kükürd zülalın tərkibinə daxil olub tənəffüs prosesində iştirak edir. Kükürd çatışmazlığı fotonsitez prosesinin 40 % aşağı düşməsinə səbəb olur. Kükürd çatışmazlığı ilk növbədə cavan yarpaqlarda və böyümə konusunda müşahidə olunur. Bu zaman cavan yarpaqlar saralır. Kükürd çatışmazlığının əlamətləri azot çatışmazlığına oxşayır (Şəkil 1.31). Lakin azot çatışmazlığının əlamətləri ilk növbədə yaşlı yarpaqlarda özünü göstərir. Əksər vaxtlarda kükürd çatışmazlığını azot çatışmazlığı kimi qəbul edib bitkilərə azot gübrəsi ifrat dərəcədə verilir. Nəticədə bitki tərəfindən azotun yüksək dozada qəbul edilməsi məhsuldarlığın aşağı düşməsinə və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur.
Torpaqda kükürdün ifrat dərəcədə olması sorucu köklərin yanmasına və məhvinə səbəb olur. Gövdədə və skelet budaqlarda uzununa tünd qəhvəyi rəngli zolaqlar əmələ gəlir.
Dəmir. Dəmirin xlorofilin tərkibinə daxil olmamasına baxmayaraq o, xlorofilin əmələ gəlməsi üçün lazımdır. Dəmir çatışmadıqda yarpaqlar saralır, bitkinin inkişafı zəifləyir, xloroz xəstəliyi baş verir. Zəif qələvi reaksiyalı əhəngli torpaqlarda becərilən meyvə bitkiləri xloroz xəstəliyinə tutulur. Bu zaman xüsusilə zoğun uc hissəsinə yaxın yerləşən yarpaqlar kütləvi şəkildə saralır (Şəkil 1.32). Xoloroza tutulmuş cavan ağaclar tamamilə məhv ola bilər, məhsuldar ağaclar isə tamamilə məhsul verməyə bilər. Kükürd çatışmazlığından fərqli olaraq burada damarlar yaşıl rəngdə olur.
Dəmir ifrat dərəcədə olduqda bitkinin böyüməsi ləngiyir və sorucu köklər məhv olur.
Bor. Bu element çatışmadıqda köklərin böyüməsi, çiçəkləmə və çiçəklərin mayalanması prosesləri, keçirici toxumaların inkişafı zəifləyir, zoğun böyümə nöqtəsi məhv olur. Bor çatışmazlığı ilk növbədə cavan yarpaqlarda özünü göstərir. Bor ən çox çiçəklərdə toplanır. Bu elementlə təmin olunmayan çiçəyin dişiciyi inkişaf edə bilmədiyindən o tökülür. Bor çatışmadıqda meristematik toxumalar və zoğlar eybəcərləşir. Meyvələr qonur rəng alır və çatlayır (Şəkil 1.33).
Borun ifrat dərəcədə olması isə ilk növbədə yaşlı yarpaqlarda özünü göstərir. Bu zaman yarpaqlarda qonur ləkələr əmələ gəlir və getdikcə yarpaq tamamilə quruyur (Şəkil 1.34).