Manqan. Bitkidə oksidləşmə-reduksiya proseslərinin getməsində, o cümlədən fotosintez, tənəffüs, azotun mənimsənilməsi və askorbin turşusunun sintezində mühüm rola malikdir.
Torpaqda yüksək miqdarda kalsium olması manqan çatışmazlığına səbəb olur. Qələvi mühitli torpaqlarda xüsusilə suvarma zamanı cod sulardan istifadə olunduqda manqan çatışmazlığı baş verir.
Manqan çatışmazlığı zamanı yuxarı cavan yarpaqlarda damarlar arasında xloroz müşahidə olunur. Bu zaman həmin hissələr sarımtıl-yaşıl, yaxud da sarımtıl-boz rəng alır, damarlar isə yaşıl rəngdə qalır (Şəkil 1.35). Sonra saralmış hissələr quruyur. Manqan çatışmadıqda bitkilər az yarpaqəmələ gətirir.
Turş torpaqlarda isə əksinə manqan ifrat dərəcədə olur. Manqanın ifrat dərəcədə olması da yarpaqlarda xlorofilin azalmasına səbəb olur ki, bu da maqnezium çatışmazlığına bənzəyir. Belə ki, damarlararası hissələrdə xloroz baş verir. Lakin burada saralma ilk növbədə yaşlı yarpaqlardan başlayır. Yarpaqlar qırışır və tökülür.