Relyefin formasından asılı olaraq temperatur şəraiti xeyli dəyişir. Soyuq hava ağır olduğundan o, adətən sahənin aşağısında, çökəkliklərdə toplanır. Odur ki, belə sahədə əkilmiş ağacın tumurcuqları, zoğları, çiçəkləri, hətta ağacın özü şaxtadan məhv olur. Belə sahələrdə şaxtaya davamsız, habelə yazda tez çiçəkləyən meyvə bitkilərinin əkilməsi tövsiyə edilmir. Eyni zamanda aşağı, çökək sahələrə su toplanır, qrunt sularının səviyyəsi qalxır, hava normal cərəyan edə bilmir. Odur ki, rütubətin artıqlığına davamsız bitkilər belə şəraitdə məhv olur. Hər tərəfdən təbii olaraq örtülü sahəyə daxil olmuş havanın çıxmasına imkan olmadığından onun nisbi rütubətliliyi yüksəlir və temperatur aşağı düşür ki, bu da meyvə bitkilərinə mənfi təsir edir.
Sahənin relyefi düzən, təpəli, çökək, dayaz-dərəli və yamaclı ola bilər. Bu və ya digər xarakterli sahənin seçilməsində onun cəhətlərinin xüsusiyyətlərini, bitki cins və sortlarının iqlim şəraitinə münasibətlərini nəzərə almaq lazımdır.
Sıldırımlı cənub yamaclar şimal yamaclara nisbətən tez qızır, gec soyuyr. Cənub yamacda torpağın 30 sm dərinliyində onun temperaturu şimal yamaca nisbətən 4-5° yüksək olur. Torpağın sutkalıq temperaturu və rütubəti cənub yamaclarda kəskin, şimal yamaclarda zəif dəyişir. Düzən sahənin iqlimi yamaclı sahənin iqlimindən fərqlənərək, bərabər və ya az dəyişən olur. Yamacın təpəsində rütubət az, aşağısında çox, ortasında isə orta dərəcədə olur.
D.s. hər 100 m qalxdıqca orta illik temperatur təxminən 0,5 °C aşağı düşür. Yamacın cənub cəhətində torpağın və havanın temperaturu adətən şimal cəhətdən yüksək olur. Sıldırmlı yamaclarda rütubət durmadığından onlar quru, az rütubətli olurlar. Yamacın cənub-şərq cəhətində isti hava soyuq hava ilə qısa müddət ərzində əvəz olunur. Bu hal çiçək tumurcuq-larının və çiçəklərin şaxtadan zədələnməsinə səbəb olur. Dağlıq və dağətəyi bölgələrdə istiyə az, rütubətə çox tələbkar olan alma və armud bitkilərini şimal-qərb, qərb və şimal cəhətlərdə, çəyirdəkli meyvə bitkilərini isə cənub cəhətlərdə əkmək tövsiyə olunur.Tumlu meyvə bağlarında suvarmanın və aqrotexnoloji əməliyyatların mexanikləşdirilməsi üçün ərazinin səthi düzən və ya 5°-yə qədər maili olmalıdır. Mailliyi 5°-dən artıq olduqda yamaclarda əkin yamacın çəpinə (horizontlarla) aparılır. Maillik 10-25° olduqda belə sahələrdə səkilər (terraslar) düzəldilir.
1.2.4. Biotik amil
Biotik amillər dedikdə müxtəlif canlı orqanizmlərin tumlu meyvə bitkilərinə təsiri nəzərdə tutulur. Buraya ilk növbədə torpaqda olan xeyirli və zərərli mikroorqanizmlər daxildir. Belə ki, torpaqda müxtəlif mikroorqanizmlər və göbələklər mövcuddur. Bunlardan müəyyən qismi bitkinin həyatında xeyirli olduğu halda, digər qismi meyvə bitkilərinə böyük ziyan vurur. Torpaqda olan mikroorqanizmlərin bəziləri havasız şəraitdə, digər qismi isə havalanan şəraitdə, üçüncü qismi isə həm havasız, həm də havalanan şəraitdə normal böyüyür və inkişaf edir. Xeyirli torpaq mikroorqanizmləri digər meyvə bitkilərində olduğu kimi tumlu bitkilərin də həyatında böyük rol oynayır. Onlar arasıkəsilmədən bitki və heyvanların torpaqda olan üzvi qalıqlarını minerallaşdırır, torpağı azot, kalsium, kalium, fosfor, dəmir, maqnezium və digər elementlərlə zənginləşdirirlər. Bununla yanaşı onlar torpağın fiziki xüsusiyyətini və strukturluğunu da yaxşılaşdırır.