Torpaqda xeyirli mikroorqanizmlərin çox olması onun münbitləşməsinə səbəb olur. Mikroorqanizmlər ən çox kök sisteminin yayıldığı zonada (rizosfera) toplanır. Rizosferada olan xeyirli mikroorqanizmlər qismən köklərin buraxdığı maddələrlə, habelə məhvolmuş köklərlə qidalanır. Mikroorqanizmlərin inkişafı torpaqdakı üzvi qalıqlardan, temperaturdan, rütubətdən və oksigendən birbaşa asılıdır.
Torpağa verilmiş azotobakterin kök sisteminin yaxınlığında inkişaf edir, havanın azotunu mənimsəyərək torpağı zənginləşdirir. Fosforobakterin fermentlər buraxaraq torpaqda bitki tərəfindən mənimsənilən formada olmayan fosforlu birləşmələri əridərək asan mənimsənilən hala salır. Silikatlı bakterinlər torpaqdakı kaliumdan yaxşı istifadə edilməsinə şərait yaradır.
Digər bitkilərdə olduğu kimi tumlu meyvə bitkilərinin də böyümə və inkişafında soxulcanların da rolu böyükdür. Onlar torpağı yumşaldaraq köklərin geniş yayılmasına şərait yaradır. Soxulcanlar adətən torpağın rütubətli olan üst qatına yığışır. Lakin onların torpaq qatının 10 m-dək dərinliyində olmaları da müəyyən edilmişdir. Soxulcanlar turş mühitdə məhv olduqları halda, onlar əhəngli torpaqlarda sürətlə artırlar.
Biotik amillərin təsiri dedikdə eyni zamanda ali bitkilərin bir-birinə təsiri də başa düşülür. Yəni bitkilər bir-birinə müsbət və yaxud mənfi təsir göstərir. Bunu Şəkil 1.39-da daha aydın görmək olar.