Qeyd edək ki, bu hal xüsusilə meyvə bağlarında meşə zolaqlarının salınması zamanı mütləq nəzərə alınmalıdır. Əgər meşə zolaqlarının salınmasında tumlu meyvə bitkilərinə mənfi təsir göstərən bitkilərdən istifadə olunarsa, o zaman meyvə bağlarının uzun müddətli səmərəli fəaliyyətini təmin edə bilmərik.
Biotik amillərə bitkilər üçün xəstəliktörədici və zərərverici sayılan orqanizmlər də daxildir ki, bunların haqqında 6-cı bölmədə geniş məlumat verilir.
1.2.5. Antopogen təsir
«Antropos» yunan sözü olub insan deməkdir. Tumlu meyvə bitkilərinin böyümə və inkişafında təsvir edilən amillərlə yanaşı insanın da rolu böyükdür. İnsan bitkilərin böyümə və inkişafını idarə etmək məqsədilə bir halda bilavasitə bitkiyə, digər halda isə bitkinin becərildiyi şəraitə təsir edir (Şəkil 1.40).
Şəkildən də göründüyü kimi tumlu meyvə bitkilərinin həyati proseslərini normalaşdırıb, onlardan bol və yüksək keyfiyyətli məhsul almaq üçün hər bitki cinsinin və sortunun torpaq-iqlim şəraitinə münasibətini bilmək lazımdır.
Yerüstü hissənin normal inkişafı üçün kök sistemi sağlam, yüksək həyat qabiliyyətinə malik olmalıdır. Bu məqsədə nail olmaq üçün insan bağsalmaq məqsədilə seçilmiş sahəyə üzvi, mineral gübrələr verir, onu dərin şumlayır, vaxtlı-vaxtında suvarır, alaqalrla mübarizə aparır. Torpağın strukturunu yaxşılaşdırmaq və ehtiyat qida maddələri toplamaq üçün bağda cərgəaralarına paxlalı ot bitkilərilə dən bitkilərinin toxumlarını birlikdə səpirlər.