Şərq alması - Malus orientalis Uglitz. respublikamızda alma sortları üçün əsas calaqaltıdır.Növün iki formasının mövcudluğu müəyyən edilmişdir. Birinci forma uca boylu, gec məhsul verən, quraqlığa nisbətən davamlı formadır (Şəkil 2.3).
İkinci forma isə nisbətən gödək boylu, tez məhsula düşən, enli çətirli olub quraqlığa davamsızdır (Şəkil 2.4). Rayonun torpaq-iqlim şəraitindən asılı olaraq şərq almasının calaqaltı məqsədilə münasib ekotiplərini seçirlər. Şimali Qafqazın dağlıq rayonlarında bitən ekoloji tiplər şaxtaya davamlı olur. Düzənliklərində bitən ekoloji tiplər quraqlığa davamsız olur.
Şərq almasının çatışmayan cəhətləri də mövcuddur. Onlardan biri kök sisteminin zəif şaxələnməsi, saçaqlı köklərin azlığıdır ki, bu səbəbdən də cavan toxmacarları saçaqlı kök sistemi yaratmaq məqsədilə pikirovka etmək tələb olunur. Digər tərəfdən onun köklərində nöqtəli xəstəliyin olmasıdır. Lakin kökdə nöqtəli xəstəliyin baş verməsi torpaq şəraitindən də xeyli asılıdır. Artıq rütubəti özündən keçirməyən torpaqlarda bu xəstəlik daha şiddətli olur. Odur ki, bu növdən yetidirilmiş calaqaltıları artıq rütubəti özündən sızdıran (yüngül) torpaqlarda becərmək lazımdır.
Şərq almasına calanmış alma tinginin nöqtəli kök xəstəliyinə davamlılıq dərəcəsi alma bitkisinin sort xüsusiyyətindən də xeyli asılıdır. Bu calaqaltıya calanmış Sarı Sinap, Qəndil Sinap, Ağ rozmarin, Borovinka, Suyslep, Piskuda reneti, Sarı Belflör, Şafran pepini, Simirenko reneti sortlarından yetişdirilmiş tinglər nöqtəli kök xəstəliyinə davamlı olduqlarından tinglərin cüzi faizi məhv olur. Odur ki, almanın bu sortları üçün şərq almasının qiymətli calaqaltı olaraq istifadəsi tövsiyə edilir. Şərq almasına calanmış Qışlıq qızıl parmen, Vaqner prizovoy, Landsberq reneti, Orlean reneti (Qırmızı şafran), Şampan reneti, Boyken, Papirovka alma sortlarından yetişdirilmiş tinglərin əksəriyyəti kök xəstəliyi nəticəsində məhv olur.