12.6. Hafnioz
Hafnioz (infeksion ishal, paratif) yaşlı arılara təsir edən və ölümünə gətirib çıxaran yoluxucu bir xəstəlikdir, səbəb olan törədici arıların bağırsaqları və hemolimfində çoxalır.
Törədici - Hafnia alvei - entero-bakteriyalar ailəsinə aiddir. Boş yoluxmuş pətəkdə hafniozun törədicisi 270 günə, güləmdə - 300 günə, balda otaq temperaturunda 90 günə qədər qalıcıdır.
Epizootik məlumatlar - Xəstəlik ən çox qışın axırı və yaz aylarında qeyd olunur. Onun görünüşü arı ailələrinin pis şərtlərdə saxlanılmasıdır: pətəkdə rütubətin çox olması, yuvanın istiliyinin qeyri-kafi olması, yağışlı və soyuq hava şəraitinin olması və s.-dir.
Xəstəliyin əlamətləri - inkubasiya dövrü (yoluxma vaxtından kliniki əlamətlər yaranana kimi) 3-14 gündür. Qışın sonunda (fevral-mart) arılar təlaşlanır, pətəklərdən çıxır, yerlə sürünür və ölür. Xəstə arılar çox zəif olur, şanlarla yavaş-yavaş hərəkət edir, böyümüş qarıncıqları olur. Yoluxmuş ailələrdə arıların yarısı ölür (Şəkil 12.12). Xəstə arılarda ishal müşahidə olunur.
Diaqnoz - xarici əlamətlərə görə diaqnoz qoymaq çətindir. Ona görə də yalnız laboratoriya müayinələrindən sonra diaqnoz qoymaq mümkündür.
Profilaktika - baytar-sanitariya tələblərinə ciddi riayət etmək lazımdır.
Mübarizə yolları - diaqnoz qoyulduqdan sonra arıxana yararsız olur və baytar məntəqəsinin həkiminin bütün göstərişləri yerinə yetirilir.
Xəstə ailələrdən olan bal qapalı konteynerdə saxlanılır və yalnız ərzaq məqsədləri üçün istifadə olunur. Arı koloniyalarının bəslənməsi üçün belə baldan istifadə edilməsi qadağandır.
Müalicə - xəstə arı ailələrə levomisetin, streptomisin və neomisin ilə müalicəvi şərbət 3 gündən bir 3 dəfə verilir. 1 litr şərbət üçün aşağıdakı antibiotiklərdən levomisetin 0.2 qram, streptomisin 200 min ədəd və ya neomisin 200 min ədəd. Antibiotiklərin hər bir dozası 100 millilitr qaynadılmış suda həll edilir, 35°C-ə qədər soyudulur, şərbətlə tamamilə qarışdırılır və bir arı ailəsinə 0,5 litr verir.
12.7. Salmonelyoz
Yoluxucu infeksion xəstəlikdir, yaşlı arıların ölümünə səbəb olur və müxtəlif salmonella növləri ilə müşayiət olunur.
Epizootik məlumatlar - xəstəlik bir çox arıxanalarda baş verir. Bir sözlə, xəstəlik, heyvandarlıq binaları, kanalizasiya təsərrüfatları, heyvandarlıq otlaqlarının yerləşdiyi yerlərdə mövcud olan arıxanalarda baş verir. Xəstəliyin yaranmasının digər səbəbi arıxana ətrafında içməli suyun olmaması və baytarlıq-sanitar qaydalarının pozulmasıdır.