1. Tüstü körüyünün yandırılması və arı ailələrinə sürətli baxışın keçirilməsi
Körüyün hazırlanması: bunun üçün ağac çürüyü və qurudulmuş mal peyinindən (təzək) istifadə edin. Bundan başqa kartondan da istifadə etmək olar (Şəkil 1.1).
Çox kəskin iyli materiallar, həddindən artıq quru çürüklər və boyalı taxtalardan istifadə etmək, körüyün içinə mum və vərəmum atmaq məsləhət görülmür!
Baxışdan öncə uçuş bacasından içəri bir neçə dəfə tüstü verilməlidir. Bu halda arılar narahat olmur (Şəkil 1.2). Pətəyə baxılan zaman uçuş bacasının qarşısında durulmamalıdır. Bacanın qarşısında durduqda arılar pətəyə girib - çıxa bilmir, narahat olur və sancır. Odur ki, pətəyin arxa və ya arıçıya uyğun olan yan tərəfində durması vacibdir.
Pətəyin qapağı asta götürülür və ehtiyatla pətəyin arxa divarına söykədilir. Sonra pətəyin üst isidici yastığı (döşəkcəsi) götürülərək qapağın içinə qoyulur və örtük açılır. Çərçivələri görmək üçün tavan lövhələri də ehtiyatla götürülərək kənara yığılır (Şəkil 1.3).
Diqqət: daha ətraflı məlumat almaq üçün “Arı məhsullarının əldə olunması” modulunda, Təlim nəticəsi 4-ə bax”!