Profilaktikası - bütün göbələk xəstəlikləri kimi askosferoz da rütubətli mühitdə yüksək inkişaf etdiyi üçün pətəklər torpaqdan nəm çəkməməlidir. Pətəklərin havalandırılmasına fikir verilməlidir. Sulu pereparatlardan çox diqqətli istifadə edilməlidir. Pətəklərdə havalanmaya ciddi fikir verilməlidir. Eyni zamanda, onların torpaqdan 40-50 santimetr yüksəkdə qoyulması, pətək xaricinin alt hissəsinin yağlı boya ilə boyanması məsləhət görülür. Qışlama zamanı pambıq yastıqlar rütubəti özünəçəkən yastıqlar və yaxud digər bir şeylə əvəz edilməlidir. Arı ailələrinə ehtiyac yoxdursa antibiotik verilməməlidir. Arıxanada dezinfeksiya işləri görülməlidir.
Müalicəsi - askosferozun müalicəsində nistatin və yoddan istifadə etmək olar. Bu preparatların istifadə qaydası:
Nistatini toz kimi və ya şərbətlə birgə vermək olar. Toz kimi istifadə etmək üçün 1 kiloqram şəkər tozuna 20,000,000 ədəd dozada nistatin qatılır. Nistatin həbləri qəhvəüyüdəndə toz halına salınır, sonra şəkər tozu ilə qarışdırılır. Hazır olan qarışığı bir ağzı kiçik şüşə qaba töküb, hər çərçivə arasına 10 qram səpilir. Bu əməliyyat 3-5 gün ara ilə 3 dəfə təkrarlanır.
Müalicəvi yemi hazırlamaq üçün, 1,000,000 ədəd ümumi dozası olan nistatin həbləri xırdalanır. Onlar spirtdə həll edilir, çünki suda nistatin həll olunmur. 1:1 hazırlanmış 1 litr şəkərli şərbətlə qarışdırılır, 3-5 gün aralığında 3 dəfə yemlənir, hər bir ailə üçün doza, çərçivə arasına 100 millilitrə bərabərdir.
Yodu çiləməklə və ya şərbətlə birgə vermək olar. 1:1 hazırlanmış şəkərli şərbətin bir litrinə 5 faizli 10 millilitr miqdarında yod məhlulu qatılır. Hər bir arı ailəsinə 0,5 litr bir dəfə verir. Bu müalicəni 5 gün aralıqla 3 dəfə eləmək olar.
Çiləmə üsulu ilə, yodun 0.1 faizli məhlulunu hazırlayırlar. Bunu etmək üçün 100 millilitr suya 2 millilitr yod qatılır. Bu miqdar 10 çərçivə arasına püskürdülür. 5 gündən bir 3 dəfə təkrarlanır.
12.10. Nozematoz
Nozematoz - bu, yaşlı arı xəstəliyidir (Şəkil 12.18). Bu xəstəlik arılarda ibtidailər sinfindən Nosema apis paraziti tərəfindən törədilir. Bəzi hallarda yoluxucu ishal da adlanır. Arıçılıq təsərrüfatlarına xeyli ziyan vurur. Bu arıların tələf olması, zəifləməsi, arı ailələrinin inkişafdan qalması, bal və mum məhsullarının azalmasından ibarətdir.
Törədicisi - ibtidai parazit Nosema apisdir. Parazit yaşlı arıların orta bağırsağında inkişaf edir və sporla çoxalır. Nozema sporları yumurta şəkillidir, yastı, düyü və ya buğda dəni formasında olur (Şəkil 12.18 və Şəkil 12.19).
Sporun həyat fəaliyyəti bir çox faktorlardan asılıdır.