Diaqnoz - Nozematozun əlamətləri qeyri-spesifik olduğu üçün laboratoriya müayinələri mühüm əhəmiyyət kəsb edir. Bunun üçün pətəyin döşəməsinə tökülmüş, yaxud qarnı şişmiş arılardan 40-50 ədəd götürülüb baytarlıq laboratoriyasına müayinəyə göndərilir. Arıların cəsədlərini müayinə edərkən arının qarnından su damcısı ilə suspenziya hazırlayır və 20-dən az olmayaraq göstəricilərə görə onu müayinə edirlər. Sporların olduğu təqdirdə nozematoz diaqnozu qoyulur.
Profilaktika - Xəstəliyin qarşısını almaq üçün arılar aktiv fəaliyyəti dövründə kifayət qədər zülallı yemlə təmin edilməlidir. Qışlamaya cavan, güclü və məhsuldar ailələri saxlamaq məsləhət görülür. Qışlama mövsümündə arı ailələri keyfiyyətli çiçək balı ilə təmin edilməlidir. Arıxanalar quru, külək görməyən, çiçəkli sahədə, heyvandarlıq fermaları və bataqlıqlardan uzaq yerləşdirilməlidir.
Müalicəsi - ilk növbədə xəstəliyə tutulmuş arı ailələri sağlamlardan təcrid edilməklə müalicə olunmalıdır. Nozematoza qarşı müalicə fumagilin, nozemat, nozematol, fumidil, nozedin, nozemasid ilə aparılır.
12.11. Araxnozlar
Varroatoz
Bu xəstəlik gənə xəstəliyi adı ilə də tanınır. Varroatoz arıların digər xəstəliklərindən onunla fərqlənir ki, yayılmış infeksion və invazion xəstəliklər adətən ilin müəyyən mövsümündə sürfələr və yaşlı arılara yoluxur. Varroa gənəsi bir il ərzində arı ailələrinin bütün inkişaf mərhələlərində ona zərbə vurur. Azərbaycanda bu xəstəlik ilk dəfə 1979-cu ildə Gürcüstana yaxın rayonlarda təsadüf edilmişdir. Arıçılığın bəlası sayılan varroatoz xəstəliyi böyük tələfata səbəb olur (Şəkil 12.22).
Törədici - 1,7 x 1,5 - 1,99 millimetr ölçüsündə olan şabalıdı və tünd-şabalıdı rəngində olan gənə dişisidir. Erkək gənə 0,8 x 0,9 millimetr ölçüsündədir, boz-ağ rəngindədir. Gənənin bədəni cod tüklərlə örtülüdür, yaxşı deşici, sorucu ağız aparatına və 4 cüt yaxşı inkişaf etmiş ayağı var (Şəkil 12.23).