5. Arı yuvalarının genişləndirilməsi
Ailənin gücünə bərabər olan ananın yaz yumurtalamasının uğurlu gedişatının əsas şərtlərindən biri vaxtı-vaxtında yuvanın genişləndirilməsi olmalıdır. Praktikada aşağıdakı qaydalara riayət olunmalıdır: sürfə çərçivələrindən başqa, yuvada dörddən az olmayaraq boş çərçivə saxlanmalıdır. Onların ikisi (küncdəkilər) yem ehtiyatlarının qoyulması, digər ikisi isə yumurta qoymanın sərbəst həyata keçirilməsi, ananın işləməsi üçün nəzərdə tutulur. Arıçı heç bir halda yuvada boş yerin olmaması səbəbindən ananın yumurta qoymasını gecikdirməməlidir, çünki əks halda arıların vəziyyəti dəyişə bilər. Yəni onlar öz güclərini artırmaq əvəzinə beçəverməyə hazırlaşacaq. Vaxtsız beçəvermə isə məsləhətli olmur.
Yuvanı yalnız hörülmüş şanlarla genişləndirmək lazımdır. Tarlada hələ nektar (yığım) çıxmamışdan əvvəl tam hörülmüş süni şanlarla (Şəkil 5.1) olan çərçivələrlə yuvaları genişləndirin. Yığımsız vaxtda süni şanı arılara vermək mənasızdır, çünki onlar şanı onsuz da hörməyəcək. Güclü yığım olduqda və çərçivələrin yuxarı hissələrində təzə möhürlənmiş ehtiyat şanların olmasına baxmayaraq, hörülmüş hazır şanlar süni şandan yaxşı olur. Əgər yığım olan vaxta kimi şanlar olmazsa, güclü yemləndirmək şərti ilə arılara süni şan verilməlidir.
Məlumdur ki, ana arılar qışlamadan sonra hər gün yumurta qoymasını artırır, həmçinin ailədə şanlarda çox yer tutan sürfələrin sayı çoxalır. Ailə keyfiyyətcə yeniləşir, yaşlı və qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir.
Sürfələr çıxdıqca, yuvada gənc arılar artdıqca şanlarda çox sıxlıq olur. Ailənin artımı və inkişafını yubatmamaq üçün yuvanı genişləndirmək, yəni orada şanların sayını artırmaq lazımdır.
Güclü ailələrdə arıların üstündə olduğu çərçivələrdən bir qədər çox çərçivə saxlayın. Yuvanı genişləndirmək məqsədi ilə bu cür ailələr inkişaf etdikcə yeni şanlardan istifadə edir.
Adətən ilk baxış keçirildikdən 2-3 həftə sonra yuvanın genişləndirilməsinə ehtiyac olur. Bu vaxtı keçirməmək üçün yuvanı söküb və ona diqqətlə baxış keçirmək bir o qədər də vacib deyil. Yuvanın yuxarı hissəsinə baxmaq və arıların neçə şanın üzərində olduğuna (küncdəki çərçivəni bir az qırağa çəkmək olar) əmin olmaq kifayətdir. Əgər arılar yuvanın içində olan küncündəki çərçivə aralığına kimi bütün çərçivə aralıqlarını tutubsa, onda yuvanı genişləndirmək lazımdır.
Çoxgövdəli pətəklərdə arıları saxlayarkən arı yuvasını genişləndirmək çox rahat olur. Əgər təbiətdə az da olsa, saxlayıcı yığım başlayıbsa, yuvanın genişləndirilməsi üçün nəzərdə tutulan gövdəyə 2-3 çərçivə hazır şan və süni şan qoymaq lazımdır (Şəkil 5.2). Gövdələrin həcmi kiçik, həmçinin çərçivələr aşağı hissədə olduğundan tam ailənin gələcək inkişafı üçün bu cür yuvanın genişləndirilməsi təhlükəli hesab olunmur. Çox gövdəli pətəklərdə yuvanı ikinci dəfə genişləndirin. Arılar ikinci gövdəni doldurduqdan bir müddət sonra süni şan çərçivələri ilə olan yeni üçüncü gövdəni birinci və ikinci gövdənin arasında olan kəsilmiş yerə salır (Şəkil 5.3).