8. Arı ailələrinin həyat qabiliyyəti və məhsuldarlığına təsir edən amillər
8.1. Tam bioloji və təsərrüfat vahidi kimi arı ailələrinin xüsusiyyətləri
Arı ailəsi tam bioloji və təsərrüfat vahididir: onun tərkibinə daxil olan heç bir fərd (ana, erkək arı və ya işçi arı) arı ailəsi olmadan nə yaşaya, nə qidalana, nə də arta bilər. Onların hər biri digər fərdlərlə sıx əlaqəyə girərək öz funksiyalarını yerinə yetirə bilir. Arı ailəsinin həyat fəaliyyətinin bu xüsusiyyəti ali bitkilərin təkamülü ilə sıx əlaqəsi olan davamlı tarixi inkişafın nəticəsidir. Arı ailəsinin əsas əlaməti sayılan tam bioloji və təsərrüfat vahidi kimi bir neçə minilliklər boyu təbii və süni seçim nəticəsində müxtəlif təbii şəraitə uyğunlaşaraq çoxsaylı irq və primitiv cinslər yaratdı.
Arı ailəsinin inkişafında əsas istiqamətlər aşağıdakılardır: ailədə fərdlərin sayının artması, inşaat instinkti, həmçinin çoxlu yem ehtiyatlarının yığılması, saxlanılması və yaradılması instinktinin inkişafı. Məhz onun əsasında ailənin tərkibində fərdlər arasında vəzifələr bölgüsü olub, arı anasının rolu böyüyüb, ailənin ayrı-ayrı fərdləri ilə ətraf mühitin şəraiti arasında mürəkkəb qarşılıqlı əlaqələr yaranıb. Tarixi inkişaf prosesində arı ailələrinin məhsuldarlığı, arıların entomofil bitkiləri tozlandırmasının effektivliyi və arı ailələrinin yaşama qabiliyyəti artıb, bu da arı ailələrinin yeni bölgələrdə yayılmasına geniş imkanlar yaradıb.
İnkişafın göstərilən xüsusiyyətlərini arıların saxlanılması və yetişdirilməsi praktikasında nəzərə almaq lazımdır. Yüksək bal yığımı almaq və arıların kənd təsərrüfatı bitkilərinin effektiv tozlanması üçün yüksək məhsuldarlığı olan analar, həmçinin kifayət qədər yem ehtiyatı, tutumlu yuvalar və çoxlu sayda öncədən hörülmüş şanlar olan güclü ailələrin olması zəruridir.
8.2. Arı ailəsinin yaşaması və məhsuldarlığına təsir edən amillər
Arı ailəsinin bal və mum məhsuldarlığı, tozlama fəaliyyətinin effektivliyi və ətraf mühitin əlverişsiz şəraitinə qarşı dözümlülük qabiliyyəti bir çox daxili və xarici amillərin mürəkkəb kompleksindən asılıdır.
Bal arılarının tarixi inkişafı prosesində tam bioloji vahid kimi arı ailəsi ilə ətraf mühit arasında mürəkkəb qarşılıqlı əlaqələr yaranmışdır.
Arıçı arı ailəsinin məhsuldarlığı və yaşamasına təsir göstərən əlaqələrin xüsusiyyəti və əsas qanunauyğunluğunu bilməlidir ki, istehsalat maraqları üçün onları rəhbər tuta bilsin, həmçinin minimal əmək və vəsait sərf edərək maksimal məhsul əldə edə bilsin.
Arı ailəsinin məhsuldarlığı və yaşamasına təsir göstərən əsas amillərdən biri də xarici mühitdir: iqlim, hava, bitki və heyvan aləmi, xüsusi ilə də yem bazası, ailə üçün zərərli və faydalı canlı orqanizmlərdir. Bu göstəricilərin əksəriyyəti insan təsiri altına düşmür və ya bunun üçün çoxlu güc sərf olunmalıdır. Lakin onlar arı ailəsinin həyat fəaliyyəti və məhsuldarlığı üçün mühüm əhəmiyyət kəsb edir və arıçılığın ixtisaslaşdırılması və düzlənməsi, həmçinin arıların bal yığımı və kənd təsərrüfatı bitkilərinin tozlanması üçün vacib hesab olunur.
Ətraf mühit şəraitini nəzərə alaraq arı ailələrinin hər hansı bir saxlama və yetişdirilməsi üsullarını tətbiq etmək, eyni zamanda yerli şərait və arıçılığın müvafiq sisteminə daha çox uyğunlaşan arı cinslərini seçmək lazımdır.