Çoxsaylı təcrübələr arı ailəsinin gücü ilə bal yığımının həcmi arasında birbaşa əlaqənin olduğunu müəyyən edib. Güclü ailələr arıların bütöv çəki ölçüsünə görə çoxlu bal yığdığından arıların proporsional olaraq az fərdləri sürfələrin bəslənməsi ilə məşğul olur. Arıçılıq təcrübəsi təsdiqləyib ki, əsas yığım zamanı çoxlu arı və az açıq sürfəsi olan ailələrdən çoxlu bal alınır. Bu cür olduğu təqdirdə bir çox arı nektar yığımına keçir.
Güclü ailələrdə sürfələrin yetişdirilməsi üçün əlverişli yem, temperatur və rütubət rejimi olmalıdır. Orta və zəif ailələrdə bəslənilən arılara nisbətən güclü ailələrdən olan gənc arılar daha böyük olur, onların sorucu ağız aparatı uzun olur, bal çinədanı isə daha həcmli olur. Güclü ailələrdə yetişdirilən arılar çoxlu nektar və çiçək tozu gətirə bilər, daha çox yaşayır və bal yığımı zamanı nisbətən effektiv işləyir.
Digər tozlandırıcı həşəratlar az olan bir vaxtda kənd təsərrüfatı bitkiləri, əsasən də yazın əvvəli çiçək açan meyvə və giləmeyvənin tozlanması zamanı da zəif ailələrə nisbətən güclü arı ailələrinin üstün cəhətləri olur. Güclü ailələr arıların bütöv çəki ölçüsünə görə nisbətən az saxlayıcı yemdən istifadə edir, orta və əsasən də zəif ailələrin saxlanılmasına sərf olunan xərclərə nisbətən güclü ailələrin saxlanılmasına az xərc sərf olunur. Zəif ailələr gəlir gətirdiklərindən çox vaxtı köməyə ehtiyacı olur, çünki müstəqil olaraq özlərini qışa yemlə təmin edə bilmir. Yemləyici arılar az olduğundan zəif ailələrdə sürfələrin yetişdirilməsi məhdudlaşır və bu cür ailələrin gücü yavaş-yavaş artır. Zəif ailələrdə arılar zəif qidalanır və sürfələri yaxşı yemləyə bilmir. Az qidalanma nəticəsində zəif ailələrdə sürfələrin xəstələnməsi halları müşahidə olunur.
9.1. Arı ailələrinin yetişdirilməsinin fərdi üsulları
Arı ailəsinin yetişdirilməsinin bir sıra fərdi üsulları mövcuddur ki, müxtəlif arıçılar həmin üsullardan bu və ya digər dərəcədə istifadə edirlər. Həmin üsullardan bir neçəsi haqqında aşağıda məlumat ala bilərsiniz.
Arı ailələrinin gücündən asılı olaraq yazın əvvəlində ailəni sürətlə inkişaf etdirmək məqsədi ilə arıların yuvalarını aşağıdakı qaydada qısaldın (Şəkil 9.1): ailə 8 çərçivənin üzərinə qonduqda pətəyin mərkəzində bacanın yanında sürfə və ana ilə olan dörd çərçivə yerləşdirin, hər iki tərəfini isə arakəsmə taxta ilə ayırın. Bir tərəfdən arakəsmə taxtanın yanından arılarla olan bütöv yem çərçivələrini qoyun, həmçinin yuxarı və yan tərəflərdən ailəni yaxşı istiləşdirin.
Əgər ailə altı çərçivə aralığı gücündədirsə, yuvada üç çərçivə saxlayın, ailənin dörd çərçivə aralıq gücü olduqda isə iki çərçivə saxlayın.