10. Arı ziyanvericiləri
Arı ziyanvericiləri bitki və heyvan mənşəli ola bilər. Onlar güləm, bal, mum, pətəklərin taxta hissələri və bəzi bitkiləri zədələyir və ya tamamilə məhv edir, yəni arıların yem bazasına toxunur.
Ziyanvericilər arıçılıqla məşğul olan təsərrüfatlara böyük ziyan vurur. Arı ziyanvericiləri aşağıdakılardır:
İt arıları - bal arılarına hücum edir. (Şəkil 10.1). Bu arılar arıçılığa böyük ziyan vurur. Onlar arılara bacanın yanında, suvatdan su götürərkən və nektar yığarkən tarlada hücum edir. Yayın ikinci yarısı arılar kəskin şəkildə zəifləyir. Bəzən hücum səbəbindən arıların əmək fəaliyyəti azalır. Bundan başqa, it arıları arılardan yemi oğurlaya bilər, onlar həmçinin də xəstəliklərin keçiricisidir.
İt arısı öz sürfələrini yemləmək üçün yaşlı arıları öldürür. Müəyyən illərdə it arılarının kütləvi şəkildə arıxanada olması təbiətdə onların qidalanmaq üçün cücülərin az olmasından irəli gəlir.
Mübarizə tədbirləri - ən əlverişli mübarizə üsulu erkən yazda dişi fərdin məhv edilməsidir. Məhvetmə zamanı müxtəlif tələlərdən istifadə edilir.
Eşşək arısı - arıların ən böyüyüdür (Şəkil 10.2 və Şəkil 10.3). Onlar arılara böyük ziyan verir. Eşşəkarıları pətəyə girib həm balı məhv edir, həm də arıları tələf edir (Şəkil 10.4 və Şəkil 10.5). Bu ziyanvericilər arıları nəinki pətək, habelə çöldə də tutub məhv edir.
Eşşəkarıları yayın axırı, payızın əvvəlində daha çox olur. Özlərinə ağac kötüklərində yuva qurur.
Mübarizə tədbirləri - it arılarında olduğu kimidir.