11. Arıların yoluxmayan xəstəlikləri
Bal arılarında “xəstəlik” anlayışı bütün arı ailəsinə aiddir.
Arı xəstəlikləri xarakterinə görə iki böyük qrupa bölünür: yoluxan və yoluxmayan xəstəliklər. Yoluxan xəstəliklər bir ailədən digəri, bir arıxanadan başqa arıxanaya keçib yayıla bilir. Yoluxucu xəstəliklər də öz növbəsində infeksion və invazion xəstəliklərə ayrılır. İnfeksion xəstəlikləri mikroorqanizmlər və viruslar, invazion xəstəliklər isə canlı parazitlər əmələ gətirir.
Yoluxmayan xəstəliklər isə adından göründüyü kimi xəstə ailədən sağlam ailəyə keçmir. Bu xəstəliklər yemləmə, saxlama, arıya xidmət və yetişdirmə qaydalarının pozulması nəticəsində baş verir.
Arı xəstəlikləri ailənin inkişafına maneə törətməklə məhsuldarlığı azaldır. Bu, çox vacib bir problemdir və zəruri tədbirlər görülməsə ailənin itkisinə səbəb olur. Bu baxımdan, arıçılar arı xəstəliklərini tanımalıdır. Xəstəliklərin yayılma yolları - hər hansı bir invazion və ya infeksion xəstəliyin ilk mənbəyi xəstə arı ailəsidir. Xəstə arıxanadan sağlam arıxanaya hər hansı xəstəlik aşağıdakı yollarla yayılır:
1. Xəstə arıxanadan arı ailəsi və ana arı alqı-satqı vasitəsilə;
2. Xəstə ailədən bal, boş şan və mum sağlam arıxanaya aparıldıqda;
3. Xəstə arıxanadan sağlam arıxanaya beçə gəlib məskən salarkən;
4. Həm xəstə, həm də sağlam arıxanada eyni alətlər və əşyalardan istifadə edildikdə.
11.1. Yoluxmayan xəstəliklər
İnfeksion və invazion xəstəliklərindən fərqli olaraq yoluxucu olmayan xəstəliklərdə törədicilər olmadığı üçün onları tez aradan qaldırmaq mümkündür. Xəstəliklərin səbəbi dərhal aradan qaldırıldıqdan sonra arılar sağalır. Bəzi arıxanalarda gəzəngi və kimyəvi toksikoz, karbohidrogen distrofiyası, zülal distrofiyası kimi xəstəliklərdən ziyan çox böyük olur. Ona görə də yoluxmayan xəstəliklərin profilaktikasına xüsusi diqqət yetirmək lazımdır. Yoluxmayan xəstəliklər arı ailələrini zəiflədir, onlar inkişafdan geri qalır, bal və digər məhsulların istehsalını azaldır, bu səbəbdən də bu cür arıxanalar zərərli olur. Bu xəstəliklər 85-87 faiz arıların ölümü, zəifləməsinə səbəb olur. Arıların bağırsağının patoloji görünüşü (Şəkil 11.1).