Qeyd etdiyimiz kimi hər şey arıçının məhsul seçimindən başlayır. Bu ən vacib qərardır. Arıçı nəyi istehsal etməli olduğuna qərar verməlidir. Qərar onun əvvəlki dövrlərdə özü və ya həmin ərazidə yaşayan digər arıçıların istehsal etdiyi müxtəlif arı məhsulları ilə bağlı əldə etdiyi təcrübəyə əsaslanmalıdır. Xüsusilə də, o, istehlakçıların nəyi xoşladığı və nəyin daha çox pul qazandıracağını düşünməlidir. Adətən ən çox tələb olunan məhsul bal daha sonra isə arı mumudur. Lakin bəzi ərazilərdə çiçək tozu, propolis (bərəmum), arı südü kimi digər məhsullara da tələb ola bilər. Ona görə də yuxarıda qoyulan məqsədlərə çatmaq üçün bazar araşdırılması aparılmalıdır ki, bunlar da maya dəyərinin bir hissəsidir.
Bazar tələbi qiymətləndirildikdən sonra arıçı nə qədər məhsul istehsal edəcəyini qiymətləndirməlidir. Bu prosesə arıların harada bəsləniləcəyi, tələb olunan çiçəklər, nektar və su mənbələrinin mövcudluğu, pətəklər və arı ailələri, bir pətəyə düşən məhsulun həcminin müəyyənləşdirilməsi, potensial xəstəlik və ya nektar çatışmazlığı səbəbindən baş verə biləcək məhsul itkisinin qiymətləndirilməsi daxildir. Qiymətləndirmələrə, həmçinin nə qədər işçi qüvvəsinə ehtiyac olması, məhsulun toplanması üçün tikilinin olub-olmaması da daxildir.
İstehsal prosesinə başlanılması da özündə müəyyən xərcləri birləşdirir. Arı məhsullarının istehsalı, emal edilməsi, qablaşdırılması, saxlanılması və s. kimi əməliyyatlar müxtəlif xammallar, istehsal vasitələri, alətlərin daşınmasını tələb edir. Arı məhsullarının istehsalı üçün işarəetmə qələmi, işarəetmə boyası, arıçı geyimi, arıçı papağı, arıçı əlcəyi, arı südü istehsalında istifadə edilən qələm, titov qəfəsi, arıçı körüyü, arıçı bıçağı, bal süzmə aparat (Şəkil 1.5), bal isitmə və çökdürmə qazanı, bal ələyi, bal sandığı, taxta və ya penoplast pətəklər, buxar mum əridəni və s. avadanlıqların alınmasına xərc tələb edilir ki, bunlar da məhsulun maya dəyərində böyük paya sahibdir. Məhsulun toplanılması zamanı təmizlənməsi, çeşidlənməsi və keyfiyyətə görə növlərə ayrılmasına çəkilən xərclər də maya dəyərinə daxildir.
1.2. Qablaşdırma xərcləriSortlaşdırmada arı məhsulları qablara qoyulmalıdır. Qablaşdırma təmiz və qoxusuz olmalıdır. İki cür qablaşdırma var: saxlama və daşıma məqsədi üçün qablaşdırma və istehlakçılara son satış etmək məqsədilə qablaşdırma. Adətən məhsulun toplanması vaxtı məhsul vedrə, şüşə banka, qutu və s. qablara qoyulur. Qablar sonra emal olunmaq və ya çeşidlənmək üçün nəzərdə tutulan ərazilərə daşınır. Arı məhsulları emal olunduqdan və çeşidləndikdən sonra banka, butulka və s. kimi daha kiçik qablara yerləşdirilə, daha sonra isə daşınması üçün arabalar və ya saxlama anbarına qoyula bilər. Hansı qablaşdırma formasından asılı olmayaraq qab məhsulu qorunmalı, təmiz saxlanmalı, məhsulun keyfiyyətinin saxlanmasına imkan verilməli və nəzərdə tutulan son ünvana çatdırılması üçün əlverişli olmalıdır. İstehlakçıya satdırılması