Arıçılıq, adətən tək həyata keçirilən kənd təsərrüfatı və ya biznes fəaliyyətidir (Şəkil 2.1). Arıçılıq fəaliyyətinin məqsədi bütün hədəf alıcılara xidmət edilməklə mənfəət əldə etməkdir. Arıçılar, adətən həm yerli, həm də xarici bazarda çətin rəqabət aparır. Çətin rəqabət mühitində biznesin davamlı fəaliyyət göstərə bilməsi üçün daha aşağı xərclə yüksək keyfiyyətli məhsul istehsalına nail olmaq lazımdır. Bu isə fəaliyyətin effektiv həyata keçirilməsini tələb edir. Əgər arıçı fəaliyyətini daha aşağı xərclə həyata keçirərsə, bu zaman rəqabət üstünlüyü əldə etmiş olur.
Mənfəət arı təsərrüfatının gəliri ilə xərci arasındakı fərqə bərabərdir. Əgər gəlir xərcdən çox olarsa, bu zaman təsərrüfat mənfəət əldə etmiş olur.
Gəlir təsərrüfatdan əldə olunan bütün qazancları əhatə edir. Belə ki arı məhsulları olan bal, arı südü, arı tozu və s.-in satışı və arıların tozlama servisindən istifadəyə görə alınan haqların cəmi arı təsərrüfatının ümumi gəlirini təşkil edir. Arı, ana arı və ya avadanlıqların müəyyən səbəbə görə satışı gəlir sayılmır, əksinə investisiya və ya sabit xərclərin azalması deməkdir.
Arı təsərrüfatının xərcləri isə iki hissəyə bölünür: sabit və dəyişən xərclər. Sabit xərclər heç bir istehsal və ya satış olmasa belə, yaranan xərclərdir. Sabit xərclərə avadanlıq üzrə amortizasiya xərcləri, faiz xərcləri, vergilər, sığorta və icarə haqqı daxildir. Dəyişən xərclər isə əməliyyatın həcmindən asılı olaraq artır və ya azalır. Misal üçün, əmək haqqı xərcləri dəyişən xərclərin əsas hissələrindən birini təşkil edir və bal istehsalı artdıqca bu xərclər də proporsional olaraq artır.
Tikili
Bir çox sahələr kimi arı təsərrüfatında da əməliyyatların həyata keçirilməsi və işlədilən avadanlıqların sazlanması, arı pətəkləri, çərçivələrinin hazırlanması üçün tikiliyə ehtiyac vardır. Arıçılıqda bu əsasən balın süzülməsi və qablaşdırılması üçün gərəklidir. Qışlama binaları və