Arı yemi olan şəkərin qiyməti də dövr ərzində dəyişir. Şəkərin qiyməti yüksəldikdə onun əvəzləyicisi olan yüksək fruktozlu qarğıdalı siropu alına bilər. Yüksək fruktozlu qarğıdalı siropu maye halında olduğundan qarışdırma üçün əlavə işçi əməyinə də ehtiyac qalmır. Beləliklə, işçiyə sərf olunan vəsaitə də qənaət edilmiş olunur. Bundan başqa, balın düzgün emalı xərclərinin azalmasına səbəb ola bilər. Belə ki bal arı pətəyində təmiz formada olur. Bu baxımdan, əgər ehtiyatlı süzüldükdə əlavə emala ehtiyac qalmır. Bu isə xərclərin azalması deməkdir.
Hər bir sahədə olduğu kimi arıçılıq biznesində də marketinq xüsusi önəmə sahibdir. Belə ki kənd təsərrüfatı sahəsində məhsulun üzərinə qoyulan əlavə dəyər daha çox istehsaldan sonra yaranır. Bu baxımdan arıçı bu üstünlükdən də yararlanaraq öz gəlirlərini artıra bilər. Belə ki bir çox arıçı balı ucuz qiymətə bal emalçılarına topdan satırlar ki, nəticədə həmin emalçılar baldan daha çox gəlir əldə edirlər. Bu baxımdan, marketinq xərclərini qismən artırmaqla arıçılar daha çox gəlir əldə edə bilərlər. Marketinq vasitəsilə arıçılar, həmçinin yeni müştərilər tapa bilər ki, bu da satışa müsbət təsir etmiş olar.
Qiymətqoyma da satış zamanı xüsusi önəmə malikdir. Belə ki məhsulu satmamışdan əvvəl oxşar məhsulların qiymətinə dair bazar araşdırılması etmək lazımdır. Əgər məhsula aşağı qiymət qoyulubsa, bu zaman qiyməti artırmaqla gəliri artırmaq olar. Həmçinin, əgər məhsul satışı aşağı səviyyədədirsə, yəni tələb aşağıdırsa, bu zaman müəyyən endirimlər etməklə satışı artırmaq olar.
İstehsal olunan məhsul çeşidinin artırılması arıçıların gəlirlərinin də artırılması deməkdir. Bildiyimiz kimi, arıçılıqda bal ilə yanaşı, arı tozu, arı südü, propolis, tozlandırma xidməti və s. kimi bir çox arı məhsulları da yaranır ki, bunların da satışından əlavə gəlir əldə etmək mümkündür. Məhsulların satış yerləri də gəlirə təsir edən amillərdən biridir. Arıçı balı əgər öz təsərrüfat yeri və ya yerli bazarda satarsa, bu zaman qiymət də daha aşağı olur. Lakin balı şəhərdə satdıqda qiymət də yüksəlir. Bundan başqa, məhsulların ölkə daxili ilə yanaşı, xarici ölkələrə ixrac potensialı da mövcuddur və qiymət xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək olur. Bu baxımdan bal xaricə ixrac olunduqda arıçıların öz gəlirlərini əhəmiyyətli artırmaq imkanları vardır. Bunun üçün bal məhsullarının xaricdə sərgilərdə tanıdılması, həmçinin həmin ölkələrdə ixracla məşğul olan tərəfdaşların tapılması arıçılara məhsullarını xaricə ixrac etməyə kömək etmiş olar.