Orqanik arıçılıq vasitəsilə əldə olunmuş bal mumu mövcud deyilsə, bu zaman çirklənməmiş bal mumu satın alına bilər.
Bu zaman həmin bal mumu testdən keçirilməli və tərkibində zərərli maddələrin olmaması təmin edilməlidir.
Satın alınan bal mumu müvafiq olaraq qeydiyyata alınmalıdır. Bal mumu ancaq isitmə yolu ilə əldə edilməlidir. Bal mumu həlledici, ağardıcı və ya digər qatqı maddələri ilə əldə edilə bilməz. Bal mumu emal edilərkən qeyri-oksidləşdirici maddələrdən hazırlanmış alət və qablardan istifadə olunmalıdır.
Arı şanı aşağı temperaturda saxlanılmalı və yaxşı havalandırılmalıdır. Arı şanının gigiyenik saxlanması üçün termal metodlar və asetik turşusundan istifadə oluna bilər.
Arı ailəsinin sağlam inkişafı üçün yemlənməsinə icazə verilir. Arıların eyni arı təsərrüfatında hazırlanan baldan yemlənməsi tövsiyə olunur. Şəkər və şəkər siropundan arıların qış dövründə yemlənməsi və arıların artırılması üçün istifadə edilə bilər (Şəkil 4.4). Yemlər orqanik olmalıdır. Balın qış yeminin qalıqları ilə keyfiyyətinin pisləşməməsi üçün həmin yemlər yeni mövsümün başlamasına qədər təmizlənməlidir.
Arılarla nəzakətlə davranış orqanik arıçılığın əsas prinsiplərindən biridir (Şəkil 4.5). Arıların sakitləşdirilməsi və ya qovulması üçün kimyəvi maddələrdən istifadə qadağandır. Tüstü üçün təbii materiallar (taxta, qurumuş meyvə hissələri) və ya təbii materiallardan hazırlanmış məhsullardan (zeytun çəyirdəyindən hazırlanmış kürəciklər) istifadə olunmalıdır. Qanadların kəsilməsi ilə arıların məhv edilməsi yolverilməzdir.
Varroatoz xəstəliyinə qarşı arı yumurtalarının götürülməsinə icazə verilir.
Yerli orqanik mühitə uyğunlaşmış və varroatoz xəstəliyinə dayanıqlı arıların artırılmasına üstünlük verilməlidir. Genetikası dəyişdirilmiş arıların istifadəsi qadağandır.