Arılar bitkilərin tozlandırılmasında əsas rola malik həşəratlardır. Bu bölmənin də əsas məqsədi arıların yalnız ortaya qoyduğu məhsullarının deyil, eyni zamanda onların tozlandırma xidmətlərinin də effektiv istifadəsi, marketinqi barədə məlumatlı ola bilməyi öyrətməkdir. Arıçılığın bu sahəsindən istifadə artıq daha çox yayılmış və dünyada müxtəlif şirkətlər tərəfindən təklif olunan tozlandırma xidmətləri kənd təsərrüfatı, xüsusilə bitkiçilik bazarında öz mühüm yerini tutmuşdur.
Tozlandırma bitkilərdə yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişicik, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsidir. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir. Buna görə də tozlama bitkilərin yetişmə və məhsuldarlıq prosesində çox vacib rol oynayır.
Bir çox bitkilər tozlama olmadan toxum verə və ya gül aça bilməz, çünki yuxarıda izah olunan mayalama prosesi tozlama olmadan baş vermir (Şəkil 5.1). Bu proses anlayışı üzrə sadə görünsə də, bəzən tozlama prosesi mürəkkəb ola bilir. Buna bitkinin fiziologiyası, tozlandırıcının xarakteristikası, eləcə də hava və digər faktorlar təsir göstərir. Məsələn, Morton (1987) öz araşdırmasında o nəticəyə gəlir ki, tozlama prosesindən 1.5 saat sonra yağış yağarsa, o zaman bitkidən heç bir məhsul əldə edilməyəcək.
Tozlandırmanın bitkiçilikdə vacibliyi bir çox elmi araşdırmalar tərəfindən də sübut olunmuşdur. Araşdırmalarda daha çox arı tozlandırmasının bitkinin məhsuldarlığında təsiri nəzərdən keçirilmişdir. 2007-ci ildə Keniyada 9 bitki növü üzrə məhsuldarlıqda bu artım alimlər tərəfindən araşdırılmış və artımın 25-99 faiz arasında dəyişdiyi nəticəsinə gəlinmişdir.
Baxmayaraq ki, bəzi bitkilər arı tozlandırması olmadan da məhsul ortaya qoya bilər, arıların olması onların məhsuldarlıqlarının artımı, eləcə də ərzaq təhlükəsizliyi və gəlir baxımından vacib rola malikdir (Şəkil 5.2). Eyni zamanda arı tozlandırması bəzi bitkilərdə təkrar istehsal üçün də çox vacibdir. Araşdırma zamanı toxumların keyfiyyəti və meyvələrinin ölçüsündə də xüsusi artım müşahidə olunmuşdur ki, bu da onların bazar qiymətlərinin yüksək, onlardan gələn gəlirlərin də çox olmasına gətirib çıxarır.