Yüksək bazar payı olan bir çox məşhur brend marketinq strategiyalarını istehlakçının inamını qazanmaq üzərində qurub. Arıçılar da eyni strategiyalardan istifadə edə bilərlər. Arı məhsulları əsasında yaranan arıçıya sadiqlik arı təsərrüfatının dayanıqlılığı üçün ən yaxşı təminat ola bilər. Qarşılıqlı əlaqə strategiyasının məqsədi istehlakçılarla güclü əlaqələr qurmaqdır. Arıçı hər zaman müştərilərə məhsul, məhsulun çeşidi, xarlama prosesi və s. haqqında məlumatlar verməyə hazır olmalıdır. Arıçı müştəriyə məhsulun hansı formada istifadə edilməsi, hansı xəstəliklərin müalicəsinə xeyirli olması haqqında məsləhət verməyi bacarmalıdır. Ona görə də onun müştərilər ilə söhbət zamanı onları inandırmaq, suallarına cavab vermək və şübhələrini yox etmək kimi xüsusi bilikləri olmalıdır. Həmçinin yaddan çıxarmaq olmaz ki, rəqib arıçılar müştərilərin ehtiyaclarını daha səmərəli qarşılaya bilən məhsul və xidmətlər təklif edə bilərlər. Rəqiblər daha aşağı qiymət və daha effektiv reklam strategiyası ilə çıxış edə bilərlər. Ona görə də rəqiblərin bu cür həmlələrini dəf etmək üçün yuxarıda adı çəkilən sadiqlik strategiyaları tətbiq edilməlidir.
Əksər satıcılar bir neçə məhsul təklif edirlər. Oxşar ehtiyacları qarşılayan məhsullar əvəzedici məhsullar adlanır. Eyni anda istifadə edilən və ya birlikdə satılan, yaxud da bir-biri ilə əlaqəli ehtiyacları qarşılayan məhsullar tamamlayıcı məhsullar adlanır (Şəkil 7.4).
Arıçı, əsasən bal satışı ilə məşğul olsa belə, yaxşı olar ki, balla bərabər çiçək tozu, arı südü, vərəmum, arı mumu şamları və s. kimi məhsullar da satışa təklif edilsin. İl ərzində satışın davamlılığını təmin etmək üçün arıçı digər arıçılardan məhsul almağı da nəzərdə saxlamalıdır. Lakin bu halda alınan malın keyfiyyətinə xüsusi diqqət yetirilməlidir.
Ümumiyyətlə belə qəbul edilir ki, çeşid, məhsul sayı nə qədər çox olarsa, satış o qədər çox olar. Fəal arıçılar, adətən məhsullarını hətta böyük həcmdə satmaqda problem yaşamırlar. Adətən əgər alıcı arıçını şəxsən tanıyır və məhsulunun keyfiyyətinə əmindirsə, məhsulun qablaşdırılması, rəngli etiketlər və s. vacib rol oynamaya bilər. Bəzi ölkələrdə brendlərin bağlılığı arı məhsullarının eyni ad altında satılmasıdır. Bu strategiya mövcud və yeni məhsulların mövqeyinin qorunması baxımından faydalıdır.
Tamamlayıcı məhsullar üçün marketinq strategiyası isə müştərilərin qorunmasına istiqamətlənir. Bu strategiya iki yolla aparıla bilər. Birinci halda bir məhsul barəsində təşviqat aparılır və qiymət təyin edilir və arıçı müştərilərin digər əvəzedici məhsulu da alacağını gözləyir.