çıxardın. Bundan sonra ailəyə ananın bəslənməsi üçün yenidən sürfələr verin. Əgər ailə zəifləməyibsə, o, üç dəfə dalbadal anaları bəsləyə bilər. Ananı bəsləyərkən bəsləyici ailə yorularsa, onu ana olduğu beçə ilə birləşdirin. Bu ailədən yeni anaların çıxması üçün təkrarən istifadə etmək olar.
1.2. Sürfənin köçürülməsi ilə ananın çıxarılması
Sürfələrin köçürülməsi: Damazlıq seçilmiş olan ailələrdən içində yumurta və sürfələrin olduğu bir çərçivə götürülür və arıları silkələnərək bağlı bir qutu ilə köçürülmə otağı və ya laboratoriyaya gətirilir. Sürfə köçürülmə otağı çox işıqlı, mümkünsə işığı arxadan düşən bir otaq və ya çadır ola bilər.
Sürfənin köçürülməsi ilə ana çıxarılarkən aşağıdakı işləri yerinə yetirin: siniciklər hazırlayın, sürfələrin köçürülməsi üçün onları hazırlayın, sinicikləri yemlə doldurun, sürfəni köçürün. Həmçinin sürfələrin ikili köçürülməsi üsulu da var. Sürfələrin ikili köçürülməsi üsulu zamanı onlar siniciklərə bal damcıları ilə köçürüldükdən və yuvaya 6 saatdan sonra quraşdırıldıqdan sonra arılar qəbul olunan sürfələrə az miqdarda süd verir.
Otağın temperaturu 25-30°C, rütubəti 70-80 faiz olmalıdır. Damazlıq ailədən götürülən çərçivədən ən gənc (1-2 günlük) sürfələr seçilir (Şəkil 1.18 və Şəkil 1.19). Ən gənc sürfələr seçilməzsə, yaşlı sürfələrdən yetişdiriləcək ana arı fizioloji olaraq yaxşı inkişaf edə bilməz. Seçilən sürfələr yaxşı bəslənmiş sürfələr olmalıdır. Köçürülmə qaşığını sürfənin altına salaraq onu qaşığın ucunda götürürlər. Qaşıqdakı sürfəni üsküyün dibinə qoyaraq qaşığı yavaşca geri çəkirlər. Daha uğurlu köçürmə üçün üsküklərin dibinə bir damla arı südü qoyaraq sürfələri bu südün içinə buraxırlar. Arı südü 1:1 nisbətində ilıq su ilə qarışdırılaraq da verilə bilər. Sürfələr üsküyün içində arı südü üstündə üzən vəziyyətdə olmalıdır. 15-20 ədəd üsküyə sürfə köçürülür. Köçürülmə qısa müddətdə aparılmalıdır ki, sürfələr qurumasın.
İkinci köçürməni birincidən 6-10 saat sonra həyata keçirdin. Bunun üçün siniciklərdən sürfələri çıxardın, qalan yemə isə digər birgünlük sürfələri köçürün (Şəkil 1.20). Bu cür halda analıqda doğulan sürfə kimi birgünlük köçürülmüş sürfə sinicikdə çoxlu yem tapır. Yalnız ana südünə təkrarən köçürülən sürfələrin hesabına ananın keyfiyyəti olduqca yaxşılaşır və sürfələri köçürülmədən çıxarılan anaların keyfiyyətinə yaxınlaşır. Onlar yumurtlayan analardan çox olur, onların yumurtalıqları yaxşı inkişaf edir və spermaqəbuledicisi iri həcmdə olur.